Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov Afrikadan səfərdən qayıdıb.
Səfər təəssüratını AzNews.az-la bölüşən sənətkarın sözlərinə görə, tədbirdə 55 ölkənin nümayəndəsi iştirak edib:
“Səfər aprelin 28-dən mayın 4-nə kimi davam edib. Biz bu səfərdə “Qarabağ” muğam qrupu ilə çıxış etdik. Tədbir Azərbayçanın YUNESKO-ya üzv qəbul olunmasının və Azərbaycan muğamının YUNESKO-ya qəbul olunması, eyni zamanda Azərbaycan diplomatiyasının yaranmasının 100 illiyinə həsr olunmuşdu. Mərasimdə “Qarabağ şikəstəsi”ni oxuduq. Mərhum sənətkar Rəşid Behbudovdan sonra ilk dəfə Efiopiyada Azərbaycan muğamı səsləndi. Mərasimdən sonra televiziya kanallarına müsahibə verdik”.
Mənsum İbrahimov səfər ərəfəsində Efiopiyanın Mədəniyyət naziri ilə görüşdüyünü də qeyd edib:
“Nazir bizimlə görüşdə Azərbaycan muğamına vurğun olduğunu dedi. Bundan əlavə vaxtı ilə Azərbaycanda təhsil alan 15-dən yuxarı efiopiyalı ilə görüşdük. Tədbirdən sonra böyük gəzinti oldu, Efiopiyanın təbiəti ilə maraqlandıq”.
Bahar RÜSTƏMLİ
AzNews.az