Millət vəkilinin köməkçisi həbs olundu

1 May 2013 09:03 (UTC+04:00)
15 saylı Yasamal birinci seçki dairəsindən olan deputat Etibar Hüseynovun köməkçisi Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Bu barədə deputata yaxın mənbələrdən məlumat verilib. Məlumatda qeyd olunur ki, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb. Belə ki, bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi lə vətəndaşların dövlət qurumlarana aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar bu vədinə əməl etməyib.

Mənbə onu da bildirib ki, İlqar Etibar Hüseynovun deputatlığa namizəd olan zaman seçki qərərgahında rəhbərlik edib. Onun imzatoplama kampaniyasından tutmuş, Talıblı küçəsində yaşayan seçicilərlə keçirilən görüşlərində təşkilatçı olub. Etibar Hüseynov deputat olandan sonra isə İlqar özü üçün "Mersedes" markalı avtomobil alıb. İlqarın yaşadığı məhəllənin sakinləri bu maşının İlqara xidmətlərinin müqabilində deputat tərəfindən hədiyyə olunduğunu deyib. Mənbə İlqarın həbsinin bir neçə ay əvvəl baş verdiyini dəeyərək, deputatın bu işin ictimailəşməməsi üçün əlindən gələni etdiyini də bildirib.

İlqarın ailəsi moderator.az-a onun həbsini təsdiqləsə də, amma əlavə məlumat verməkdən imtina ediblər.

Saytın olayla bağlı deputat Etibar Hüseynovun özündən münasibət öyrənib. Əvvəlcə bu barədə danışmaq istəməyən Etibar Hüseynov sonradan İlqar adlı köməkçisinin olmadığını deyib.

AzNews.az