“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başlayıb

7 May 2019 15:11 (UTC+04:00)

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi may ayının 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş uşaqların hüquqlarının müdafiəsinə həsr olunmuş tədbirlərin keçirilməsi” adlı layihənin icrasına start verib.

Birlikdən AzNews.az-a verilən məlumata görə, layihənin məqsədi işgəncə və zorakılıqlara məruz qaldıqdan sonra azad edilmiş, itkin düşmüş, həmçinin şahid ifadələrinə əsasən girov götürülmüş, hələ də qaytarılmayan uşaqların (təbii ki, onlar artıq uşaq deyillər) hüquqlarını müdafiə etmək üçün problemi gündəmdə saxlamaqla beynəlxalq təşkilatlara çatdırmaqdır. Layihə çərçivəsində erməni quldurları tərəfindən uşaqlara qarşı həyata keçirilmiş zorakılıq və vəhşilikləri bəyan etmək, həmçinin hələ də qaytarılmayan uşaqların xatirəsini yad etmək məqsədi ilə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı tədbir keçiriləcəkdir.

Tədbirdə günahsız müharibə qurbanları olan - torpaqları və yaxınları ilə bərabər uşaqlıqlarını da itirmiş girovluqdan azad edilmiş şəxslər, onların övladları, itkin düşmüş hesab olunan və hələ də girovluqda qalan azyaşlıların ailələrində böyüyən uşaqlar iştirak edəcəklər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş hesab edilən 3888 nəfərin 71 nəfəri uşaq, şahid ifadələrinə əsasən əsir-girov götürülmüş 871 nəfərin 29 nəfəri uşaq, əsir və girovluqdan azad edilmiş 1477 nəfərin 224 nəfəri də uşaqlardır.

QHT tərəfindən hazırlanacaq girov və itkin uşaqlar haqqında materialları özündə əks etdirən buklet və materiallar müvafiq yerli təşkilatlara, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinə və beynəlxalq təşkilatlara təqdim ediləcək.

AzNews.az