Həbsxana üçün darıxdı,dostunu öldürdü

1 May 2013 09:56 (UTC+04:00)
Bakının Nərimanov rayonu ərazisində "yaxşı oğlan" söhbəti ölümlə sona çatıb. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, aprelin 25-də içki məclisində 57 yaşlı Fəxrəddin Şirinov tərəfindən "şah damar"ı kəsilən 56 yaşlı Vəli Əmiraslanov ötən gün ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin baş verdiyi günə gəlincə, Fəxrəddin Şirinovla Vəli Əmiraslanov birlikdə məhkumluq həyatı yaşayıblar. Azadlığa buraxılandan sonra günü 1 manata olan evlərdə yaşayıblar. Onlar hadisədən 3 gün əvvəl Ə.Əlizadə küçəsində gündəlik kirayə verilən evin zirzəmisinə köçüblər.

Hadisə günü özləri üçün içki məclisi təşkil ediblər. Bu məclis onların birgə yaşayışının sonu olub. Sərxoş olan dostlar köhnə məhkumluq həyatlarından danışmağa başlayıblar. Sonra onların sözləri çəp gəlib. Vəlinin mübahisə zamanı Fəxrəddinə "sən içəridə yaxşı oğlan olmamısan" deməsi cinayətin əsasını qoyub. Ömrünün 32 ilini məhkumluqda keçirən Fəxrəddin cib bıçağını çıxararaq onun boğazını kəsib. Bıçaq Vəlinin şah damarını yaralayıb.

Fəxrəddin istintaqa ilkin ifadəsində də deyib ki, Vəlinin onun həbsxana həyatı ilə bağlı pis danışığından özündən çıxıb: "Mənə deyir ki, həbsxanada yaxşı oğlan olmamışam. Mən də bıçağı çıxarıb boğazını çərtdim".

Ömrünün yarıdan çoxunu məhkumluqda keçirən Fəxrəddin həbsxana üçün darıxdığını da dilə gətirib: "Azadlıq məni sıxır. Məni tez zona göndərin".

Onu da əlavə edək ki, F.Şirinov məhkumluq həyatı yaşayan zaman həbsxanada da qətl törədib.

AzNews.az