İlham Əliyev Qobustan İdman Kompleksinin açılışında

1 May 2013 15:53 (UTC+04:00)
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan İdman Kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verib ki, paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman obyektləri ölkəmizin idman potensialının nümayişinin, gənclərimizin bu sahəyə meylinin artmasının göstəricisidir. Bütün bunlar isə ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan nəhəng idman hərəkatının yaşandığı məkana çevrilib. Çoxlu sayda Olimpiya-İdman komplekslərinin, ixtisaslaşmış idman obyektlərinin istifadəyə verilməsi bu prosesin dinamikasını göstərən əsas amillərdir. Dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişməsi üçün hər yerdə idman, sağlamlıq komplekslərinin yaradılmasıdır. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bölgələrdə bir-birinin ardınca istifadəyə verilən nəhəng idman qurğularının açılışında iştirakı bu sahəyə verilən əhəmiyyətin əyani təsdiqidir.

Qeyd olundu ki, kompleksdə müxtəlif idman yarışlarının, təlim-məşq toplantılarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb.

Bildirildi ki, kompleksin ərazisi 2,67 hektar, binanın ümumi sahəsi isə 3,5 min kvadratmetrdir. Ümumi smeta dəyəri beş milyon manat olan kompleks Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq istəyən gənclərin məşqləri və yarışların keçirilməsi üçün hər cür şərait var. Kompleksdə, həmçinin 900 nəfərlik zal, müxtəlif iş və yardımçı otaqlar mövcuddur.

Prezident İlham Əliyev yeni idman qurğusunun futbol, basketbol, tennis meydançalarına baxıb.

Qeyd edildi ki, burada yaradılan şərait müxtəlif yerli və beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir. Kompleksin ərazisi başdan-başa yaşıllaşdırılmış, burada minə yaxın müxtəlif növ ağac əkilib.
Dövlətimizin başçısına Lənkəran və Tərtər Olimpiya-İdman komplekslərinin eskiz layihələri təqdim olunub.

Sonra Prezident İlham Əliyev Qobustan rayon ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb.

Rayon sakini Babək Alıbabayev göstərdiyi yüksək diqqət və qayğıya görə qobustanlılar və idmançılar adından Azərbaycan Prezidentinə minnətdarlığını çatdırıb.

AzNews.az