Bura Mirzənin evidirmi?

14 May 2019 15:01 (UTC+04:00)

Yubileyin layiqli şəkildə qeyd olunması üçün dövlət başçısı yanvar ayının 17-də sərəncam da imzalayıb.

Mirzə Cəlilin həyatının önəmli bir qismi Tiflis şəhərində keçib, tarixi “Molla Nəsrəddin” jurnalını burada çap edib. Amma təəssüf ki, onun Tiflisdəki evi baxımsız vəziyyətdədir.

Ötən gün sosial şəbəkədə vətənpərvər dostlardan Etibar Hüseynovdan mesaj aldım. Tiflisdə olarkən Mirzə Cəlilin barelyefinin vurulduğu binanın olduqca pis vəziyyətdə olmasından bəhs etdi, fotoşəkillər göndərdi, bu problemin həll edilməsi üçün bizim də işıqlandırmağımızı istədi.

Dəyərli vətəndaşımızın bu addımını təqdirəlayiq hesab etməklə onun həyəcan təbilini paylaşmaq istəyirik:

“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!

Mirzə Cəlil bizə bir əsr əvvəl bu sözlərlə müraciət etmişdi. Elə bax bu mənzildən. Bu mənzildə Mirzə Cəlil 1897-1918-ci illərdə yaşayıb-yaratmış, 1906-1918-ci illərdə isə “Molla Nəsrəddin” jurnalını nəşr etmişdi. Özü həmişə deyərmiş ki, bu jurnalı daha çox zəmanə özü yaratdı. Öz xalqı ilə öz dilində danışıb acı həqiqəti deməyi bacaran, dini fanatizmə qarşı mövqe qoyan, sonralar ədəbi mühit üçün ilham mənbəyi olan “Molla Nəsrəddin” jurnalı bu evdə doğulub. Tiflisin mərkəzinə yaxın, Besiki küçəsi 24 ünvanında yerləşir. Funikulyora iki küçə uzaqdır. Mübaliğəsiz deyirəm, o barelyef olmasa, heç kimi inandıra bilməzsən ki, bu evdə Mirzə Cəlil yaşayıb, “Molla Nəsrəddin” jurnalı nəşr olunub və mənsub olduğu xalq da bu gün öz ədibinə bu diqqəti layiq görüb. Mənzilin üstündə gürcü ailəsi yaşayır. Deyirlər ki, buraya çox nadir hallarda kimsə gələr, çoxdandır ki, işləmir də, neçə ildir işləmədiyini belə unudublar. Və ən əsası fəxrlə deyirlər ki, biz bəlkə də, sizdən çox oxumuşuq Mirzə Cəlil haqqında və bu binada yaşamağımıza görə çox xoşbəxtik.

İndi siz bir əsr əvvələ qayıdıb bir mənzil düşünün ki, orada xalqının gələcəyini düşünən Mirzə Cəlilin, Ömər Faiq Nemanzadənin, Salman Mümtazın, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Əli Nəzminin, Məhəmməd Səid Ordubadinin, Əzim Əzimzadənin fikirlərini cəm edən jurnal nəşr olunur. O mənzil ki, müzakirələrin, görüşlərin və mütərəqqi fikirlərin ev sahibi olub.

Bir də indi 2019-cu ili düşünün və bu mənzilin halına yanın. Bildiyim bircə şey var ki, layiq olmadıqları diqqəti layiq görmüşük onlara. Adam mənzilin girəcəyindəki o kişinin üzünə də baxa bilmir. Bu təsvirləri sizinlə paylaşmağı özümə borc bilirəm və tam səmimi deyim ki, özümü Kefli İsgəndərin nitqindəki ölülərdən biri kimi hiss edirəm…”

Biz vətəndaşımızın bu fikirlərini bölüşür və ümid edirik ki, Cəlil Məhəmmədquluzadənin doğumunun 150-ci ildönümündə bu bina təmir ediləcək.

Dilqəm Əhməd