“Hakimiyyət siyasi fəallara qarşı təzyiqi gücləndirmək istəyir“

1 May 2013 18:28 (UTC+04:00)
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməyə hazırlaşır.

Təklifə əsasən, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə fiziki şəxslər 1500 manatdan 3000 manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200 saatdan 240 saatadək ictimai işlər və ya 2 ayadək (hazırda 15 günədək nəzərdə tutulub) inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 3000 manatdan 6000 manatadək miqdarda, hüquqi şəxslər 15000 manatdan 30000 manatadək miqdarda cərimə edilir.

Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə 300 manatdan 600 manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 200 saatadək ictimai işlər və ya 2 ayadək (hazırda 15 günədək nəzərdə tutulub) inzibati həbs tətbiq olunur.

Hüquq müdafiəçisi, vəkil Əsabəli Mustafayev hesab edir ki, mitinq, piket və digər toplantılara görə cəzaların sərtləşdirilməsi hüquqi deyil, siyasi məsələdir. "Media forum" saytına danışan vəkil bildirib ki, hakimiyyət bununla siyasi fəallara qarşı təzyiqi gücləndirmək istəyir: "Çünki indiyə qədər siyasi fəallara qarşı dəfələrlə bu cür inzibati həbslər tətbiq olunub, amma bu, gənclərin fəallığının qarşısını ala bilməyib. Xüsusilə də mitinqlərin keçirilməsi ilə bağlı. Cərimələr artırıldı, ancaq bu da fəallığa mənfi təsir etmədi. İndi digər vasitələrə əl atırlar. Belə təzyiq metodlarını tətbiq eləməkdə davam edəcəklər. İnternetdə nəsə yazmağa görə insanları cəzalandırmağı nəzərdə tutan layihə də hazırlayıblar, bununla bağlı cinayət qanunvericiliyinə maddə daxil edirlər".

Hüquqçunun fikrincə, inzibatı xəta hesab olunan hallara qarşı sərt cəzaların verilməsi, o cümlədən inzibati həbs müddətinin uzadılması plan əsasında həyata keçirilir: "Plan müxtəlif mərhələlərdən ibarətdir. Əvvəlcə kütləvi aksiyalara görə cərimələri artırdılar. İndi də inzibati həbs müddətini ağlagəlməz səviyyəyə qaldırırlar. Artıq bu, inzibati xəta deyil, cinayət cəzasına yaxındır".

Əsabəli Mustafayev deyib ki, dünya praktikasında inzibati xətaların cəzası olduqca liberaldır: "Düzdür, bəzi ölkələrdə 9 aya qədər inzibati həbs var. Amma bunu çox ciddi əməllərə görə tətbiq edirlər. İndi bizimkilər mütləq deyəcəklər ki, bəzi xarici ölkələrdə inzibati həbs 9 aya qədərdir. Bu 9 aylıq inzibati həbs çox ciddi əməllərə görə, yəni bizdə cinayət əməli sayılan əməllərə görə tətbiq olunur. Ancaq mitinqlərdə tutulanlara görə 2 ay həbs çox ciddi cəzadır".

Vəkil deyib ki, inzibati qaydada həbs olunanları Binəqədi məntəqəsində saxlayırlar. Onun fikrincə, inzibati qaydada 3 ay müddətinə həbs olunanları orada saxlamaq mümkün olmayacaq: "Mən inanmıram ki, həmin məntəqə bunun öhdəsindən gələ bilsin. Xüsusilə də bölgələrdə belə məntəqələr yoxdur. Ancaq polisin müvəqqəti saxlama yerlərində həbs olunanları saxlayırlar. Məsələn, Binəqədi məntəqəsində tibbi bölmə yoxdur. Əgər bir şəxsi 3 ay saxlasalar, artıq bu, tibbi xidmət tələb edən məsələdir. Bu məsələləri həll etməmiş inzibati həbs müddətinin tələsik artırılması cəza vermək, təqib eləmək, qisas almaq məqsədi daşıyır".

Əsabəli Mustafayev deyib ki, inzibati həbsin 3 ayadək uzadılması universitetlərdən, işdən çıxarılanların sayını artıracaq: "10-15 gün üçün yenə də nəsə eləmək mümkün idi. 3 ay müddətinə inzibati qaydada həbs olunan şəxslərin təhsil, əmək hüququnu müdafiə etmək mümkünsüz olacaq.

Hər bir qanunvericilik təşəbbüsünün və qanunun məqsədi olmalıdır. Məhz belə bir beynəlxalq yanaşma var. Yəni qanun cəmiyyətin, ictimaiyyətin ehtiyaclarından yaranıb, yoxsa yox. Nəticəsi ictimaiyyətin xeyrinə nəzərdə tutulumu? Bizim halda yeganə məqsəd hakimiyyətdən narazı olan insanlara qarşı repressiyanın gücləndirilməsdir. Qanunun belə bir məqsədi ola bilməz. Ona görə də irəli sürülən təşəbbüs mənfi qiymətləndirilməlidir".

AzNews.az