Xameneidən ABŞ-a gözdağı açıqlaması - "Düşmən o qədər də güclü deyil"

15 May 2019 09:35 (UTC+04:00)

İranın Ali Dini lideri Əli Xamenei bu günki mövqeyindən əl çəkmədiyi müddətdə ABŞ ilə müzakirə aparılmayacağını və İranın seçiminin dirəniş olduğunu deyib.

AzNews.az xəbər verir ki, bu haqda informasiya Dini liderin ofisindən verilib.

Məlumata görə, Xamenei İran prezidenti Həsən Ruhani, Məclis sədri Ali Laricani, Ali Məhkəmənin sədri İbrahim Rəisi və digər rəsmilər də daxil olmaqla ölkənin siyasətçi və hərbi səlahiyyətliləri ilə iftar süfrəsinə əyləşib.

Xamenei iftar süfrəsi zamanı çıxışında belə deyib:

“Bizim iradəmiz daha güclüdür. İranın qəti seçimi ABŞ-a qarşı dirənməkdir və bu mübarizədə ABŞ geri addım atmaq məcburiyyətində qalacaq. Bu hərbi mübarizə deyil, çünki müharibə olmayacaq.

ABŞ bu günki mövqeyini davam etdirdiyi müddətdə bu haqda danışmağın özü bir zəhərdir. Ağ Evlə danışmaq isə ikiqat zəhərdir.

Bizə "niyə bu qədər uzaq mənzilli raket istehsal edirsiniz, mənzilini azaldın" deyirlər".

İranın Ali Dini lideri ABŞ-ın ölkə daxilində sosial və iqtisadi böhranla qarşı-qarşıya qaldığını deyib.

“Hökumətin vəziyyəti də yaxşı deyil, bir adam çıxıb bir şey deyir, başqa gün biri çıxıb onun tərsini deyir. Düşməni o qədər böyütməyin. Düşmən gücsüzdür, zavallıdır və çarəsizdir deyə bilmərik ancaq onların da problemləri var və o qədər də güclü deyillər”.

Xamenei həm ABŞ-ın, həm də Aİ ölkələrinin Asiya ölkələrinə qarşı yürütdükləri siyasətin özlərinə zərər verəcəyini bildirib.

“ABŞ-da mütəxəssislər bu təzyiqlərin İranda iqtisadi sıçrayışa səbəb olacağı barədə xəbərdarlıq edir”.

Pərvanə Ağazadə

AzNews.az