İmperator Neronun sarayının altında gizli otaq aşkarlandı

15 May 2019 09:38 (UTC+04:00)

İtaliyada Qədim Roma imperatoru Neronun sarayının bərpası işləri zamanı arxeoloqlar müxtəlif freskalarla bəzədilmiş gizli otaq aşkar ediblər.

“RİA Novosti” xəbər verir ki, bu barədə “Science Alert” portalının yaydığı məlumatda deyilir.

Yeraltı otağa divarlarından birində aşkarlanmış mifoloji varlığın təsviri ilə əlaqədar “Sfinksin otağı” adı verilib.

Bundan başqa, tədqiqatçılar divarda rəqs edən kentavrların, quşların, sualtı canlıların, həmçinin ox, yay və qılıncla silahlanaraq pantera ilə döyüşən əsgərin təsvirinə rast gəlib.

Yeraltı otaq Neronun “Qızıl ev” adlandırılan sarayında aparılan bərpa işləri zamanı tamamən təsadüf nəticəsində aşkarlanıb. Otağın böyük hissəsi hələ də palçıq altında qalıb və ehtimal olunur ki, təsvirlərin əksəriyyəti də örtülüb. Bununla belə, kompleksin digər hissələrinin davamlılığının itirilməsi təhlükəsi olduğundan otağın tam təmizlənməsi hələlik planlaşdırılmır.(ona.az)

AzNews.az