Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, dövlət qurumu lazımı işlər görərək vətəndaşın hüquqlarını qorumalı idi: "Mən bunu dəfələrlə demişəm ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azad İstehlakçılar Birliyinin əlil balasıdır. Çünki bizim birlik 1997-ci ildə, həmin qurum isə 2009-cu ildə yaranıb. Bu qurum yarananda çox sevindim. Lakin onlar 144 ştatla, 9 mərtəbəli binada oturub heç bir iş görmürlər. Gəncədən bir vətəndaş nazir Şahin Mustafayeva hüquqlarının qorunması barədə rəsmi məktubla müraciət edib və həmin məktub mənə göndərilib. Maraqlıdır, 144 ştatla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nə iş görür, onlar nə üçün maaş alırlar? Onu da qeyd edim ki, bu hal ilk deyil, N sayda şikayətlərin hamısı onlar vasitəsilə məhkəməyə göndərilir. Bir dəfə olsun həmin qurum özü iddia qaldırıb istehlakçıların hüquqlarının qorunması ilə bağlı iş görməyiblər. İşlər yanlış istiqamətdə aparılır. Adı çəkilən qurum İqtisadiyyat Nazirliyinin tərkibindədir. Cənab Prezident keçən il həmin qurumun müstəqil fəaliyyət göstərməsi ilə bağlı fərman verdi. Lakin çox təəssüflər olsun ki, bu məsələ hələ də həllini tapmayıb, yeni qurumun formalaşdırılması ilə bağlı bir iş görülmür. Əslində, dövlət qurumu lazımı işlər görərək vətəndaşın hüquqlarını qorumalı idi”.
Sədr istehlakçıya hazırkı vəziyyətdə iqtisadiyyat naziri Şahin Mustafayevin qəbuluna gedib, hüquqlarının qorunmasını tələb etməyi məsləhət gördü. O qeyd etdi ki, bütün hallarda, məhkəmə ən sonuncu variantdır.
Hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, telefona ilkin baxış alıcının iştirakı ilə həyata keçirilməli idi: "Bu kimi vəziyyətlərdə alınan malda olan qüsurun istehlakçıdan yox, satan qurumdan qaynaqlandığı sübut olunarsa, bu zaman malın qarantiya müddəti çərçivəsində mağaza cavabdehlik daşıyır. Bu məqamda alıcının da hüquqları yaranır. Əşyada qüsurun səviyyəsi və ya ümumiyyətlə, problemin nə olduğunu müəyyənləşdirmək üçün alıcının iştirakı ilə baxış keçirilib akt tərtib edildikdən sonra telefon götürülməlidir. Yəni həmin aktda telefonun hansı halda qəbul edildiyi qeyd olunmalı idi. Mağaza hansı arqumentlə telefondakı problemin alıcıdan qaynaqlandığını deyirsə, onu ilk başda telefonu yoxlanış üçün götürəndə aktda yazmalı idi. Əgər bu cür qeydiyyat olmayıbsa, buna görə satışı edən tərəf məsuliyyət daşıyır”.
C. Cəfərli indiki halda artıq məhkəməyə müraciət etməyi məsləhət görür: "Dövlət qurumunun işinə gəlincə isə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir nəfər üçün yox, şikayətlər kütləvi xarakter alanda ümumi iddia qaldırır. Əslində, bəli, müəyyən araşdırma işləri aparılmalı idi. Amma digər tərəfdən də həmin qurumun məcbur etmək hüququ yoxdur. Görünən odur ki, onlar telefon mağazasına sorğu göndəriblər və aldıqları cavabla qane olub, onu istehlakçıya yönləndiriblər. Yaxşı olar ki, istehlakçı məhkəməyə müraciət etsin. Bu zaman məhkəmənin qərarı ilə telefon texniki ekspertizadan keçiriləcək, nəticə olaraq problemin kimdən və nədən qaynaqlandığı bəlli olacaq”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, bütün dövlət qurumlarının əsas vəzifəsi xalqa xidmətdən ibarət olmalıdır: "Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”.
Prezident çıxışlarında ictimai nəzarətin vacibliyini də dəfələrlə vurğulayıb. Cənab Prezident hesab edir ki, harada ki, insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir: "Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər”.
Ölkədə aparılan köklü islahatlar nəticəsində son vaxtlar dövlət qurumlarının da fəaliyyətində yenilənmə, vətəndaşların şikayətlərinə həssas yanaşma hiss olunur. Ancaq təəssüf ki, hələ də bəzi dövlət qurumları bu islahatlarla ayaqlaşa bilmirlər. Buna görə də, vətəndaşların haqlı şikayətləri araşdırılmır və ya onlara başdansovdu cavablar verilir. (Kaspi.az)