Astarada yeni çəkilən dağ yolu dağılaraq bərbad vəziyyətə düşdü

15 May 2019 22:57 (UTC+04:00)

Astarada yeni çəkilən dağ yolu bərbad vəziyyətə düşüb.

Uzunluğu 5 km olan və rayon mərkəzindən 40 km məsafədə yerləşən Təxtənəkəran-Miki avtomobil yolu yeni çəkilməsinə baxmayaraq yararsız hala düşüb.

Yol ölkə başçısının 2015-ci ildə imzaladığı sərəncama əsasən əsaslı təmir olunaraq 2017-ci ilin dekabrında istifadəyə verilib. Lakin 2000 nəfərə yaxın sakinin istifadə etdiyi yolun bir neçə hissəsi dağılıb. Beləcə, uzun illər yolsuzluqdan əziyyət çəkən əhali yenidən problemlərlə üzləşib.

Hazırda yolda maşınların hərəkəti çətinləşib. Torpaq qatı sürüşərək hərəkət zolağını azaldıb. Bu isə yolda hərəkət edən nəqliyyat vasitələri və sərnişinlər üçün təhlükə yaradır. Qeyd edək ki, bu, dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yeganə yoldur.

Kənd sakinlərinin sözlərinə görə, ötən il yolda müəyyən bərkitmə işləri görülsə də, bu, təsirsiz olub. Yolun dağılmasına yağan yağıntılar səbəb olsa da, sakinlər işlərin keyfiyyətsiz aparılmasından gileylənirlər. Sakinlər deyirlər ki, yolun yatağı zəifdir, buna görə də yağıntı nəticəsində erroziyaya uğrayıb. Bundan əlavə suötürücü qurğular da sıradan çıxdığından sel suları yolun üst hissəsi ilə axaraq dağıntılara səbəb olur.

Astara Rayon Siyəkü Kənd Bələdiyyəsindən vəziyyətlə bağlı aidiyyatı qurumlara məlumat verildiyi və müvafiq tədbirlərin görüləcəyi deyilir. (report)

AzNews.az