“Forbes” reytinqinin ilk onluğunda Çin şirkətləri üstünlük təşkil edir

16 May 2019 13:06 (UTC+04:00)

Dünyanın ən iri kompaniyalarının “Forbes Global 2000” reytinqinin ilk onluğuna beş Çin, dörd ABŞ və bir Niderland şirkəti daxil olub.

Siyahının ilk onluğunda Çin kompaniyalarının üstünlüyü həmin reytinqin tarixində ilk dəfə müşahidə edilib.

“Forbes Global 2000” reytinqində ilk yeri Çinin ICBC bank korporasiyası tutub, onun ardınca Amerikanın “JPMorgan Chase” bankı gəlir. Üçüncü və dördüncü yerlərdə “China Construction Bank” və “Agricultural Bank of China” bankları qərarlaşıb. Siyahıda beşinci pillədə “Bank of America” kompaniyasıdır.

ABŞ-ın “Apple” kompaniyası altıncı, Çinin “Ping An Insurance Group” və “Bank of China” kompaniyaları isə müvafiq olaraq yeddinci və səkkizinci yerdədir. Doqquzuncu yeri İngiltərə və Niderlandın müştərək “Royal Dutch Shell” kompaniyası tutur. İlk onluğu Amerikanın “Wells Fargo” bankı qapayır.

2019-cu il reytinqinə ümumilikdə 575 Amerika və 309 Çin kompaniyası daxil edilib. “Forbes” jurnalı dünyanın ən iri kompaniyalarının reytinqini şirkətlərin gəliri, qazancı, aktivləri əsasında tərtib edir.(AZƏRTAC)

AzNews.az