Cahangir Hacıyevin məhkəmədəki tələbi və reallıqlar - TƏHLİL

16 May 2019 14:42 (UTC+04:00)
2012-ci ilin martında “Texnikabank”-ın Müşahidə Şurasının sədri Etibar Əliyev həbs edildi. Ardınca E.Əliyev həbsdə ola-ola bankın səhmlərindən imtina etdi və az sonra azadlığa buraxıldı.

Bank faktiki olaraq Cahangir Hacıyevin idarəetməsinə keçdi.

Söhbət 2012-ci ildən gedir – Cahangir Hacıyevin kəsdiyi başa sorğu-sualın olmadığı vaxtlardan.

O vaxt hamıya aydın idi ki, “Texnikabank”-a sabiq MTN rəhbəri Eldar Mahmudov və onun bankir qudası Cahangir Hacıyev əl qoymuşdu. Həyasızlıq o həddə idi ki, hətta C.Hacıyev rəsmi açıqlama verərək “Texnikabank”-da sağalamlaşdırma prosesinin getdiyini bildirmişdi. Təbii ki, bir bank sədrinin başqa bir bankda “sağlamlaşdırma” işi aparması son dərəcə o qədər absurddur ki, heç bir tənqidə dözmür. Bu ona oxşayır ki, “Real”ın (Madrid) rəhbərliyi əzəli rəqibi “Barselona” klubunda “sağlamlaşdırma” işinə rəhbərlik etməsindən danışır. Absurdun sonu yoxdur. Qudaların bu açıq quldurluğunun təbii ki, o dövrdə bank sektoruna faktiki ağalıq etməsi ilə bağlı idi.

Burada vacib detal. “Texnikabank”-ın Müşahidə Şurasının sədri Etibar Əliyevin Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmova yaxın olmasıdır. Qudaların qüdrəti o qədər güclü idi ki, Mərkəzi Bankın şefi belə yaxın adamını onların cəngindən xilas edə bimədi – E.Əliyev həbsdən yalnız səhmlərindən imtina edildikdən sonra buraxıldı.

İkinci vacib detal. 2012-ci ilin 20 yanvarında şəhidləri ziyarət etmək üçün toplanan bank sədrləri başda Elman Rüstəmov olmaqla 30 dəqiqə ziyarətə gecikən C.Hacıyevi gözləməyə məcbur olmuşdu. Bu detal da C.Hacıyevin o dövrlərdə olan qüdrətinin göstəricisi idi (bunu mənə ziyarətdə iştirak edən bankirlərdən biri danışmışdı).

İndi C.Hacıyev məhkəmədə bəzi rəsimləri ittiham etsə də de-fakto sabiq bankirin o dövrlərdə küllü ixtiyar sahibi olması, qərarları təkbaşına verməsi artıq təsdiqlənmiş məlumatlardır.

Bank sektorundakı mənbələrdən verilən məlumata görə, 1-ci devalvasiya ərəfəsində banklar təlimat verilib ki, 10 min dollardan yuxarı valyuta dəyişməsinə imkan verilməsin. Bu qərara tabe olmayan yeganə bank sədri məhz C.Hacıyev olub.

C.Hacıyevin istefaya göndərilməsinin səbəblərindən biri də devalvasiyadan öncəki dollar alveridir. Hacıyev devalvasiya qərarından öncədən xəbərdar olub və iri kapital sahiblərinin sərəncamından olan manatı dövlətin sərəncamında olan dollarlarla dəyişib ki, bu da dövlətə çox baha başa gəlib. Bu alverdən Cahangir Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib.

Mərkəzi Bankın ilkin qərarı yumşaq devalvasiya olub. Ancaq Cahangir Hacıyevin bir neçə milyardlıq dollar alverindən sonra dövlətin sərəncamında olan valyuta ehtiyatı xeyli azalıb və Mərkəzi Bank sərt devalvasiyaya məcbur olub. Aidiyyəti qrumlar prezidentə məruzələrində yaranmış situasiyaya görə Cahangir Hacıyevin günahkar olduğunu bildirib və dövlətə nə qədər ziyan vurduğunu konkret rəqəmlərlə əsaslandırıblar. Bundan sonra prezident Cahangir Hacıyevin vəzifəsindən uzaqlaşdırılması barədə göstəriş verib. Və Beynəlxalq Bank sədri 50 yaşında “xəstəliyi” ilə bağlı istefaya göndərilib.

1-ci devalvasiya 2015-ci ilin fevralın 21-də olub. Bundan cəmi 3 gün sonra – fevralın 24-ə prezident Mingəçevirə səfər edib. Mingəçevirdə yerli ictimaiyyətlə görüşündə bidirib ki, “devalvasiyada bəzi möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün bu vəziyyətdən istifadə edirdilər”.

Təbii ki, prezident “möhtəkirlər, natəmiz adamlar” deyəndə konkret olaraq C.Hacıyevi nəzərdə tuturdu. Bundan az sonra – 2015-ci ilin martın 18-də Cahangir Hacıyev istefaya göndərilib.

Cahangir Hacıyevin xarici maliyyə institutlarından milyard dollarla aldığı kredit vəsaitlərinin dolayısı yollarla xaricə ofşor zonalara, habelə arvadı Zamirə Hacıyevanın xaricdəki hesablarına köçürülərək, leqallaşdırması əyani sübutdur. Halbuki, həmin illərdə onun rəhbərlik etdiyi bank ağır durumda olmasına baxmayaraq, bu pullar Beynəlxalq Bankın işində istifadə edilmədi.

Cahangir Hacıyev yaxşı bilirdi ki, bankın müştərilərinin ödəmələri aylarla ləngidilir, onların ödəmələri yalnız Mərkəzi Bankdan aldığı qısa müddətli kredit vəsaitləri hesabına həyata keçirilir, halbuki bu qəbildən olan müştəri ödəmələrinin məbləği milyarda yaxın bir vəsait təşkil edirdi. Cahangir Hacıyev bütün bu əməliyyatları bankın heç bir idarəetmə orqanı ilə hesablaşmadan, “ona yaxın adamların” məsləhəti ilə aparırdı.

C.Hacıyev cinayətlərinə ortaq axtarmaqdansa, cinayətlərini etiraf etsə yaxşıdır. Onsuz də bu cinayətlərin bəziləri London məhkəməsində sübuta yetirilib. London məkəməsi sübut edib ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyev ölkədən çıxardığı milyardların bir qismini Londonda yaşayan həyat yoldaşı Zamirə Hacıyevanın bank hesablarına köçürüb.

Z.Hacıyeva 2018-ci ilin sonunda İngiltərənin paytaxtı Londonda saxlanılıb və sonradan girov müqabilində zaminə buraxılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunmuşdu. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Cahangir Hacıyevin vəkili və daha əvvəl Zamirə Hacıyevanın vəkilin olmuş Aqil Layıc BBC News Azərbaycancaya deyib ki, Zamirə Hacıyevanın malik olduğu sərvət barədə suallara cavab verə bilməyəcək.

Təbii ki, cavab verə bilməyəcək – çünki sərvətin mənbəyi oğurluqdur. C.Hacıyevin məhkəməsində məhz bu suallara aydınlıq gətirilməlidir.(istiqlal.az)

AzNews.az