Nimdaş “qvardiyaçılar” panika içində - Orxan Mansurzadə

16 May 2019 16:15 (UTC+04:00)

Ölkəmizdə insan hüquq və azadlıqlarının nümunəvi təmini, cinayətkarlıqla qətiyyətli mübarizə, cəza siyasətinin humanistləşdirilməsi siyasəti, sabitliyin, əmin-amanlığın etibarlı qorunması vətəndaş-dövlət münasibətlərinin və milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Bu reallıqlar cəmiyyətin bütün təbəqələri ilə yanaşı, respublikamıza gələn, burada fəaliyyət göstərən əcnəbilər tərəfindən də rəğbətlə qarşılanır.

Lakin Azərbaycandakı dinamik inkişafın, dayanıqlı sabitliyin əleyhinə çıxaraq, heç bir siyasi, ictimai, sosial platformaları olmayan, özlərini “hüquq müdafiəçisi”, “müstəqil ekspert” adlandıran elə şəxslər var ki, onlar məqsədli şəkildə sosial mediadan şər-böhtan yağdırır. Görünür, cəmiyyətin əmin-amanlıq, təhlükəsizlik içində yaşaması onları da narahat edir. Bu qrup – nimdaş "qvardiyaçılar” süni ajiotaj yaratmağa çalışırlar.

Ağa qara deməyə adət etmiş belələri bəlli siyasi mərkəzlərdən aldıqları sifarişlər əsasında cəmiyyətdə qarşıdurma yaratmaq üçün uğursuz səhdlər göstərirlər. Onlar antiazərbaycançı dairələrin diqtəsilə vaxtaşırı polis orqanlarında, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddialar səsləndirirlər. Özlərini hüquq müdafiəçiləri adlandıran bu adamlar illərdir ki, ölkəmizlə bağlı belə yalan informasiyaları tirajlamaqla məşğuldurlar.

Azərbaycanın dünyada əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən biri olmaqla asayişin təmini, cinayətkarlıqla mübarizədə müsbət nəticələrə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutduğu hər kəsə bəllidir. O da yaxşı məlumdur ki, respublikamızda insanların qanuni mənafelərinin, mülkiyyətinin və hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində də əhəmiyyətli işlər görülür.

Polis əməkdaşları tərəfindən kobud rəftar və digər bu kimi neqativ hallar barədə vətəndaşlardan gələn bütün müraciətlər nazirliyin müvafiq qurumları tərəfindən dərhal araşdırılır, nəticəsindən asılı olaraq hər bir fakt öz obyektiv qiymətini alır. Digər tərəfdən, daxili işlər orqanlarının Müvəqqəti Saxlama yerlərində müasir informasiya texnologiyalarının xidməti fəaliyyətdə tətbiqi, nazirliyin rəhbərliyinin, prokurorluğun, Ombudusman Aparatının, müvafiq mandata malik beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin nəzarətinin olduğu, monitorinqlərin keçirildiyi, nəticələr barədə ictimaiyyətin vaxtaşırı məlumatlandırıldığı, bu zaman saxlanılan və istintaq altında olan şəxslərin saxlanılma şəraitindən, polisin rəftarından şikayətçi olmadıqları hüquq müdafiəsi ilə məşğul olanlara yaxşı bəllidir. Lakin bəziləri ya bu adi həqiqətləri görmür, yaxud görmək istəmirlər.

Azərbaycan bir hüquq dövlətidir, cəmiyyət qanunlarla idarə olunur. Dövlət, onun güc strukturları da hər zaman haqqın, ədalətin tərəfində, vətəndaşının yanındadır. Saxta “siyasi məhbus”, guya işgəncəyə, təzyiqə məruz qalan saxlanılan şəxslərin siyahısını hazırlayaraq beynəlxalq təşkilatlara göndərib, bu yolda özlərini həqiqi hüquq müdafiəçiləri sayan şəxslərin cəmiyyətdə daha faydalı işlərlə məşğul olması yəqin ki, onların özlərinin də mənafelərinə xidmət edərdi.

Nə yazıq ki, başabəla “ekspertlər”in, “hüquq müdafiəçiləri”nin nümunə kimi göstərdikləri dövlətlərdə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla həlak olan polis əməkdaşlarının fədakarlığı, mənəvi keyfiyyətləri bir örnək kimi təqdir olunur, onların mənalı həyatından, cəmiyyət, hər bir vətəndaş üçün gərəkli fəaliyyətlərindən bəhs edən bədii, sənədli filmlər çəkilir, əsərlər yazılır. Bizdə isə biriləri vətəndaşların təhlükəsizliyi, asayişin, əmin-amanlığın keşiyindədir, bu yolda hətta həyatlarını da qurban verirlər, digərləri isə iğtişaşlar yaratmaqla, aranı qarışdırmaqla sabitliyə, dövlətçiliyə qəsd edən, polis əməkdaşlarını qətl etməkdən belə çəkinməyən ünsürlərin guya ki, hüquqlarını müdafiə edirlər, onların istintaq prosesində guya işgəncələrə məruz qalmalarına dair dezinformasiyalar yaymaqla sonuncuları özlərinin “siyasi məhbus” siyahılarına qaxırlar. Bu yerdə böyük şairimiz Məmməd Arazın sözləri yada düşür: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı....”.

Orxan Mansurzadə,

polis polkovniki