Solğun “erməni demokratiyası”

16 May 2019 17:34 (UTC+04:00)

Düz bir il öncə Ermənistanın paytaxtı İrəvanda xalq ayağa qalxaraq, 20 illik hərbi diktatura rejiminə qarşı çıxdı. Bir aydan çox davam edən aramsız etiraz mitinqlərinin nəticəsində Serj Sərkisyan iqtidarı istefaya getməyə məcbur oldu. Demokratiya şüarı ilə iqtidara gələn “barrikada demokratiyası”nın lideri Nikol Paşinyan beynəlxalq birliyə insan haqları, fikir azadlığı və digər vədlərini coşqu ilə bəyan etməyə başladı. Hətta hakimiyyətə gəlişinin ilk dönəmində gömrük xidməti, vergi, bank sistemində, bələdiyyələrdə və digər sahələrdə rüşvətxorluğun aradan qaldırılması yönündə müəyyən addımlar atdı. Onun apardığı revanşist hədəfləri dünyanın dörd bir bucağında mətbuat sektorunda çalışan erməni mənşəli jurnalistlər, yazarlar və analitiklər “Ermənistan demokratiyası”nın uğuru kimi qələmə verməyə cəhd etdilər. Bütün bunlar gerçəkdirmi? Ermənistan demokratik bir ölkədirmi? Cənubi Qafqazın bu kasıb ölkəsində həqiqətənmi inkişaf prosesləri canlanmağa başlayıbdırmı? Bu suallara isə bu günə qədər kimsə cavab aramır.

Mövqeləri güclənən Nikol Paşinyanın diktatorluq meyilləri

Ötən bir il ərzində “barrikada” məntiqi ilə Nikol Paşinyan və onun hakimiyyətdə yer alan komandası addım-addım ölkəni “ağlar”a, “qaralar”a, “inqilabçılar”a və “əksinqilabçılar”a bölməyə başlayıbdır. Hətta Nikol Paşinyan iqtidarına qarşı olan müstəqil və müxalif mətbuat bu həqiqətləri etiraf etməyə başlayıbdır. Parlamentdə “Çiçəklənən Ermənistan Partiyası” və hakimiyyətdə olan “Mənim Addımım Partiyası” arasında yaşanılan bir sıra gərginliklər artıq cəmiyyətə sirayət etməyə başlayıbdır.
İrəvanda dərc olunan “Past” qəzetinin son saylarında qeyd olunur ki: “Nikol Paşinyanın romantik inqilabını bu gün zahirən praqmatizm adı ilə əvəz etməklə hakimiyyət tamamilə fərqli addımlar atmağa başlayıbdır. Bu, cəmiyyətin fərqli rənglərə bölünməsi qaydaları ilə müşahidə olunur. Hakimiyyət sanki ölkəni, müxtəlif təbəqələri süni şəkildə fərqli barrikadalara bölür. İnsanları “çeşidləmə” siyasəti erməni cəmiyyəti üçün yeni bəlaya çevrilibdir. Cəmiyyətdə qarşıdurmalar beləcə yeni axarala inkişaf etməkdədir. İqtidarın atdığı addımlar ölkəni yeni bir inqilaba sürükləyir”.

Reytinqi sürətlə azalan baş nazir

İrəvanda dərc olunan “Jamanak” həftəlik analitik qəzetinin araşdırmalarına görə, ölkədə baş nazir Nikol Paşinyanın reytinqi ötən ilin may ayı ilə bu ilin may ayı arasında 34 faizə enibdir. Artıq əhali üçün baş nazir Nikol Paşinyan ən maraqsız siyasətçilərdən biri kimi qəbul olunur. Qəzet onu da qeyd edir ki, bu faktı hətta “Milli Təhlükəsizlik Xidməti” də dolayı yolla etiraf edir. “Jamanak” qəzetinin başqa bir ehtimalına görə yaxın bir neçə ay ərzində Nikol Paşinyanın reytinqi daha 30 faiz həcmində enə bilər.
İrəvandakı siyasi analitiklərin fikrincə Nikol Paşinyanın reytinqinin sürətlə enməsinin əsil səbəbi ötən bir il ərzində onun verdiyi vədlərin əksəriyyətinin həyata keçməməsidir. O, cəmiyyətdə bəzi korrupsiya hallarının aradan qaldırılmasında, vergilərin azaldılmasında və digər önəmli sahələrdə müəyyən addımlar atsa da, Ermənistan üçün vacib olan xarici investorların cəlb edilməsində heç bir uğura imza atmamışdır. Əhalinin gəlirlərində hər hansı bir irəliləyiş yoxdur. Kasıblıq həddi ölkə əhalisinin 70 faizindən çoxunu təşkil edir.
Nikola Paşinyan televiziya ekranlarında demokratiyadan, insan hüquqlarından, vicdan azadlığından və digər zəruri məsələlərdən bol-bol danışsa da, komandasında təmsil olunan kadrların heç biri demokratik qaydalara əməl etmir. Təqaüdçülərin və işsizlərin gəlirləri isə, əvvəlki iqtidarların dönəmindən fərqli olaraq daha da ağırlaşıbdır. Ucuzluq olsa da, əhalinin real gəlirləri ilə dolanışıq tərzi dəyişməyib. Gənclər arasında işsizliyin səviyyəsi daha da artıbdır. Çünki, yeni iş yerləri açılmır. Gənclər məmurların nə zaman təqaüdə çıxacağı günü gözləyirlər.

“Çiçəklənən Ermənistan Partiyası”nın fraksiyası mandatdan imtina edə bilər

Bu barədə həyəcan təbilini çalan “Hrapark” qəzetinin son sayında qeyd olunur ki, partiya lideri Qaqik Sarukyan öz tərəfdarları ilə “Arinca” parkında toplantı keçirərək parlamentdə təmsil olunan “Çiçəklənən Ermənistan Partiyası”nın deputatları mandatından imtina etmək istiqamətində hər an qərar verə bilər. Çünki, mövcud iqtidar bütün partiyalara qarşı son bir neçə ayda sərt addımlar atmağa başlayıbdır. Hətta Qaqik Sarukyanın belə deputat toxunulmazlığının aradan qaldırılaraq həbs olunması təhlükəsi də vardır. İndiki məqamda partiya hələlik gözləmə mövqeyindədir. Qaqik Sarukyanın özü isə bildirib ki: “Mən sonacan Nikol Paşinyan iqtidarının və onun nomenklaturasının gündəmə gətirdiyi problemlərə qarşı mübarizə aparacam. Hakimiyyətin təzyiq maşınına qarşı hamılıqla dirəniş göstərəcəyik”.

İrəvanda fərqli üfüqlərin siyasi gedişləri

“Past” qəzetinin son icmalına görə, Ermənistan hakimiyyətində vahid mövqe anlayışı yoxa çıxmaqdadır. Hətta bu barədə parlamentin sədri Ararat Mirzoyan da bəzi etirafları edibdir. Baş nazir Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyan isə bildirib ki, hakimiyyətin idarə olunmasında müxtəlif səpgili üfüqlərin olması mövcud iqtidarı heç də narahat etmir. “Past” qəzetində getmiş bir sıra təhlillərdə o da qeyd olunur ki, iqtidarın fərqli rənglərdə təmsil olunan iri çəkili nümayəndələri arasında yaşanılan gərginlik yeni siyasi böhrana gətirib çıxara bilər. Bunu həmin məmurların debatlarından aydın şəkildə görmək mümkündür.

“Hrapark” qəzetində gedən başqa bir analitik yazıda isə bildirilir ki, “Vətəndaş Müqaviləsi Partiyası”nın mövcud iqtidarla olan koalisiyası hər an pozula bilər. Belə ki, bu partiyanın əksər üzvləri bölgələrdə iri çəkili vəzifələri tutmaq uğrunda mübarizə aparır. Bu da Nikol Paşinyanın lideri olduğu partiyanın xoşuna getmir. “Vətəndaş Müqaviləsi Partiyası”nın iri çəkili bir neçə lideri, vitse-spiker Lena Nəzəryan, Ararat vilayətinin qubernatoru Qarik Sərkisyanın və dövlət əmlak komitəsinin idarə rəisi Narek Babayanın son günlərdə irəli sürdükləri iddialar çox böyük skandallara səbəb olubdur. “Hrapark” qəzeti iddia edir ki, hakimiyyətdə təmsil olunan və mövcud koalisiyanı təmsil edən digər siyasi partiyaların mətbəxində də vəzifə uğrunda pərdəarxası qırğınlar yaşanılır. Əgər bu partiyaların tələb etdiyi maraqlar təmin olunmazsa, o zaman koalisiya tamamilə dağıla bilər. Bunun sonu ölkənin yeni seçimlərə getməsi ilə tamamlanacaqdır. O da bəllidir ki, indiki şəraitdə heç bir siyasi partiya təkbaşına iqtidara gəlmək gücündə deyil.

Ə. Yusifoğlu