Prezident seçkilərində yeni texnologiyaların tətbiqi planlaşdırılır

2 May 2013 08:27 (UTC+04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində yeni texnologiyaların tətbiqini planlaşdırır. MSK katibi Natiq Məmmədov bildirib ki, seçkilərdə yeni texnologiyaların tətbiq edilməsi qlobal məsələdir.

"Biz seçkilərdə, ümumiyyətlə seçki prosesinin həm sürətləndirilməsi, həm keyfiyyətinin artırılması, həm də məlumatların təhlükəsizliyi, onların ictimailəşdirilməsi zamanı mümkün qədər şəffaflığın təmin edilməsi istiqamətində daim müasir texnologiyalardan istifadə etmişik. Bu baxımdan bizdə daim inkişaf tendensiyaları görünür. Yəni müəyyən istiqamətlərdə səylər var. Bizim seçkilərə yaxın artıq deməyə sözümüz olacaq", - Məmmədov bildirib.

Məmmədov deyib ki, öz-özlüyündə MSK tərəfindən həmişə yeni texnologiyaların gətirilməsi, onların tətbiqi, yəni seçkilərdə şəffalığının təmin olunması, etimadın artırılması ilə bağlı nə tələb varsa yerinə yetirilib və bundan sonra da yerinə yetiriləcək.

Elektron yolla səsverməyə gəlincə, Məmmədov bildirib ki, buna seçki qanunvericiliyi yol vermir.

"Dünyada müzakirə olunan ən qabarıq məsələlərdən biri məsafədən səsvermədir. Buna, o cümlədən elektron yolla səsvermə də daxildir. Bununla bağlı xeyli müzakirələr var. Orada bəzi məqamlar var ki, hamını birmənalı şəkildə qane edə bilmir. Bunlar informasiya, onun ötürülməsi, şəxsin məhz özünün səs verməsi ilə bağlıdır. Ona görə də hələ ki, ənənəvi, bizim istifadə etdiyimiz və bu gün dünyanın bir çox ölkələrində istifadə edilən bu qaydalarla bağlı Azərbaycan qanunvericiliyində hələ ki, heç bir dəyişiklik yoxdur", - MSK katibi qeyd edib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin payız aylarında keçirilməsi nəzərdə tutulur.//trend//

AzNews.az