Ziyafət Əsgərov deputatlara irad tutdu - "Neçə ilin deputatısınız..."

17 May 2019 12:39 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spiker Ziyafət Əsgərov deputatlara irad bildirib.

AzNews.az xəbər verir ki, Z.Əsgərov deyib ki, plenar iclasda qanun layihəsi ilə bağlı çıxış etmək lazımdır:

"Fürsətdən istifadə edib gündəlikdə olan qanun layihələrindən kənara çıxmaq düzgün deyil. Neçə ilin deputatısınız, fikirlərinizi sosial şəbəkələrdə, mətbuatda çatdıra bilərsiniz. Milli Məclisdə isə qanun layihələrinə dəyişikliklər müzakirə olunmalıdır”.

Cavab olaraq, Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov Z.Əsgərova cavab verib. Bildirib ki, elə məsələlər var, bu gün burada deyilmirsə, bunu sosial şəbəkədə, başqa yerdə deməyin əhəmiyyəti yoxdur:

“Milli Məclisin üzvləri milləti, cəmiyyəti və dövləti narahat edən məsələləri qaldırmalıdır. Deputatlar Azərbaycana qarşı ədalətsiz təzyiqlərə qarşı mövqelərini bildirmək istəyirlər. Burada hansısa qanundan asılı olmayaraq bir vətəndaşlıq, deputat borcudur ki, problemlər qaldırılsın və münasibət bildirilsin”.

Elgün
AzNews.az