Bir xalqın yazıçısı, şairi olmasa, onun dili məhv olar - Nazim Əhmədli

17 May 2019 16:18 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri, şair, publisist Nazim Əhmədli AzNews.az-a müsahibə verib.

- Nazim müəllim, özünüz haqqında bir neçə kəlmə məlumat verə bilərsinizmi?

- Laçında anadan olmuşam. Orta məktəbi bitirib Şuşada kənd təsərrüfatı texnikumunda oxumuşam. Sovet Ordusu sıralarında olmuşam.1986-cı ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda poeziya fakültəsini bitirmişəm. Vətənə gəldikdən sonra Azərbaycan Yazıçılar Birliyində 17 il işləmişəm. Onun 15 ilini Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatı Təbliğ Bürosunun direktoru olmuşam. Bakıda və bölgələrdə, müəssisə və məktəblərdə çoxlu ədəbi görüşlər keçirmişəm, bir çox istedadlı gəncləri seçib onlara dəstək olmuşam və bu gənclərin ədəbiyyat adamı olaraq yetişdirilməsində mənim də rolum olub.

- Dəstək olduğunuz gənclərin bir neçəsinin adını qeyd edə bilərsinizmi?

- Ad çəkməyə ehtiyac yoxdur, çünki kiminsə adını çəkmərəm, bu, düz olmaz. Onların sayını unutmuşam. Belə ki, yalnız gənclərə yox, görüşdə olduğum müəssisələrdə, məktəblərdə olan bir çox yaradıcı adamlara da dəstək olmuşam. Qeyd etdiyim kimi, 50-dən çox gəncin Azərbaycan Yazıçılar Birliyinə qəbul olmasına zəmanət vermişəm. Onların Birliyə daxil olmasına, yaradıcılıqlarının istiqamətlənməsində yardım etmişəm. Onlar indi də etiraf edirlər ki, bizə yaşıl işıq yandırmısınız. Özüm də vaxtilə Şuşada oxuyanda Bakıdan gələn şair mənim şeirlərimə istiqamət verdi. Sonra Bakıda o vaxtkı “Azərbaycan gəncləri” qəzetində çap etdirdi. Sonra 1979, ya da 1980-ci il olardı, gənc yazıçıların Şüvəlandakı seminarında olanda tərcüməçi – şair Vladimir Qafarov gəlmişdi bizimlə görüşə. Şeirlərimi dinləyib getdi və sonra mənə mərhum şair Hüseyn Əfəndidən xəbər göndərmişdi ki, gəlsin görüşək, şeirləri xoşuma gəlib. Gedib onunla tanış oldum. O, Azərbaycan folklorunun, bayatılarımızın tərcüməçisi kimi çox məşhur şair olub. Mənə dedi ki, şeirlərin çox xoşuma gəlir və sənə kömək etmək istəyirəm.Vladimir Qafarov mənim şeirlərimi rus dilinə sətri tərcümə etdi və göndərdim Moskvaya Maksim Qorki adına Ədəbiyyat İnstitutuna müsabiqəyə və həmin ili də müsabiqədən keçdim. Bir ay sonra Valdimir Qafarov özünə və mənə də bilet aldı. Və birlikdə Moskvaya getdik. İmtahan verdim, həmin instituta daxil oldum. Bu, mənim ən böyük arzum idi.

Hə. Kömək ənənəsini mən də davam etdirməyə nail oldum. İndi də istedadlı gənclərə dəstək oluram.

- İnsan kimdənsə bəhrələnən zaman həmin şəxsin üslubunu mənimsəyir. Maraqlıdır ki, gənclərdə sizin təkrarınız, yoxsa fərqli nələrsə görürsünüz?

- Bəhrələnmək əlbəttə gərəkdir. Təlqin etmək, təkrarlamaq yox, çünki, sən özünü yazırsansa, başqasının təxəyyülünə haram baxmaq olmaz. Bu vərdiş adamı tükəndirər. Yəni öz sözün qalmaz, keçər yamsılamağa. Bilirsiniz, belə demək mümkünsə, meymunlar yamsılayar. Hər şairin özünün poetik dünyası, düşüncə tərzi olmalıdır. Hazırda bir şeyi bəyənmirəm ki, gənclərimiz bir-birini təkrar edirlər. Bəzən müasir poeziyanı xaosa çevirirlər. İstər sərbəst, istər də ənənəvi janr olsun. Şairin öz dünyagörüşü, intellekti, üslubu olmalıdır. Bəzən birinin şeirini oxuyub, ondan ilhamlanıb, şeir yazırlar. Yarardıcılıq yeniliyin yaranmasıdır. Əgər sən yeni bir fikir yaratmırsansa, düşüncə tərzinin yeni bir formasını ortaya qoy bilmirsənsə, tükənəcəksən. Mərhum şairimiz Ağa Laçınlının belə misraları var idi:

“Qazıb çıxarmazlar əsl bilağı,

Bulaq şırıl-şırıl qaynayıb gələr”

- Demək olar ki, sizin bütün şeirlərinizdə kədər, sevgi iztirabı, vətən həsrətindən doğan hisslər üstünlük təşkil edir. Şeirlərinizdəki özünəməxsusluq nədən doğur?

- Deyim tərzi... Mənim şeirlərimi oxuyanda görüsünüz ki, heç kimi təkrarlamıram. Şeirlərimdəki deyim tərzim yalnız özümə məxsusdur. Mən xalq yaradıcılığından bəhrələnirəm. Şeirlərimdə xalqın danışdığı dildə danışmaq istəyirəm. Xalqın dilinin təfəkkür tərzindən yaranan fikirlər, düşüncələr olur. Həm də musiqi alətləri köklənən kimi, şairin də ruhu köklənməsə, çətin olar. Üslubumda, yazı tərzimdə, yaradıcılığımda əsas xətt budur ki, xalqın dili ilə danışmaq lazımdır. Bizim folklorumuz, deyim tərzimiz çox qədimdir. Gözəl dilimiz var və ona görə də o dilin imkanlarından istifadə etmək və unudulmuş sözləri xatırlatmaq lazımdır. Əgər sözlərimizi unuduruqsa, dilimiz məhv ola bilər. Əgər bir xalqın yazıçısı, şairi olmasa, onun dili məhv olar.

- Nazim müəllim, təsadüf nəticəsində şair ola bilərmi? Şair olmaq üçün fitri istedadın olması vacibdirmi?

- Şairi mühit yetişdiririr. Əgər yaşadığın mühitdə səni maraqlandıran hansısa bir fikir varsa, ədəbiyyata, şeirə, musiqiyə maraq varsa və ondan birini seçəcəksən. İstər nəsr, istər də nəzm olsun. Təbii ki, hər bir insanın daxilində fitri istedad var. Bu, onun dünyagörüşündən formalaşan bir hissdir. Əgər bir insanın dünyagörüşü dar çərçivədədirsə və yaxud da hansısa bir işlə məşğuldursa, tikinti və s. orada böyüyən uşaq da o sahəyə gedəcək. Fikri ora olacaq. Mənim babalarım Aşıq Məşədi Dadaş şair olub və “Aşıq Qərib” dastanını qələmə alıb. Qaçaq Nəbi haqqında yazılan şeirlərin çoxunu Aşıq Salman babam qələmə alıb... Atam da, anam da bədahətən şeir deyirdilər. Atam nəfəs aləti üzrə musiqiçi olub. Ailəmizdə üç şair var, mən, qardaşım Vüqar Şamiloğlu və mərhum bacım Ləman Şamilqızı. Doğulduğum Laçın mühitində sənətkarlar çox olub. Bölgələrimizdə folklor çox güclü olub. Laçından çoxlu şair və yazıçı çıxıb. Yəni ki, əsas mühitdir.

- Müsahibənizin birində qeyd etmisiniz ki, yaradıcı insanın imzası olmasa belə hansısa söz onu xatırlatmalıdır. Maraqldır ki, hansı misranız sizi xatırladır?

- Bu haqda oxucular fikir bildirə bilər. 1979-cu ildə “Azərbaycan” jurnalında “Təbiət löhvələri” adlı şeirlərim çap olunmuşdu. O şeirlərim çox məşhur idi, o vaxtdan onlarla tanındım. İndi də çox şeirlərim var ki, oxucular tərəfindən bəyənilir. ”Ürəyimə məktub”, “ Xocalı” və başqa şeirlərimi qeyd edə bilərəm.

- İlk şeirinizi neçə yaşınızda qələmə almısınız? Bəlkə siz də başqa şairlərimiz kimi aşiq olub şeir yazmısınız?

- Bəli. Dördüncü sinifdə oxuyanda gənc müəlliməmə vurulmuşdum. O, institutu bitirib, kəndə getmişdi. Bir könüldən, min könülə ona vurulmuşdum, şeirlər yazırdım. Altıncı sinifdən şeirlərim çap olunmağa başladı. Şuşada təhsil aldığım illərdə də xeyli şeirlər yazdım. Sonra Bakı mühitində şeirlərim müntəzəm çap olunmağa başladı. Zaman içərisində bədii təxəyyülüm formalaşdı və axtarışlarım nəticəsində bu mərhələyə gəldim. Bu formada şeirlərim çap olundu, nəsrim də var. Axırıncı dəfə “Qanun” nəşriyyatı tərəfindən “Mən bir günah elçisiyəm” və “Qız təbəssümü” adlı kitablarım çap olunub. Sayca 12-ci kitabımdır. Başqa yeni kitabım isə yaxın zamanlarda nəşr olunacaq. Bir neçə kitabımın adını çəkə bilərəm, “Bir ömür sevgi”, “Ruhumda sən olacaqsan” və s . İrandan dostum tərəfdən kitabımın çapı haqda təklif gəlib, hazırda onun üzərində işləyirəm.

- Bir çox şeirlərinizdə sevgi ilə vətən həsrəti vəhdət təşkil edir. Həm də sufi təriqəti var.

- Bəli, bütün şeirlərimdə sevgi müqəddəs hiss kimi tərənnüm olunur. Vətən həsrəti və qadına olan sevgi - bunlar hamısı bədii təxəyyülün məhsulu kimi formalışır. Sevgi çox çalarlıdır. İnsan təxəyyülü sonsuzdur. Kainat kimi.

- Sevgi şeirlərinizdəki duyğular, hisslər necə tərənnüm olunur?

- Deyək ki, bu şeirdə olduğu kimi.

mən yazda yaşıldan gələn,

bir kür naxışın balası;

yarpağın, otun, çiçəyin,

qarın, yağışın balası;

payız mənə qışdan baxır,

gözümdəki yaşdan baxır;

atam, anam daşdan baxır,

mən, bir cüt daşın balası;

gözlərim, qaşlarım, oyaq,

dur gedək, daşları oyaq;

payızın adını qoyaq,

dərdin sarışın balası;

yıxdı, bu nağıllar məni,

min ildi, yaxırlar məni;

talayır, yağılar məni,

mən bir savaşın balası;

gəzirəm, torpaq üstündə,

ruhum bir yarpaq üstündə;

çırpınır, budaq üstündə,

göydəki quşun balası;

qəfil ürəyim, səyriyər,

əllərini çək, əriyər;

axıb gedir içəriyə,

gözdəki yaşın balası;

olmusan yasaq, sevmişəm,

bilir, bir Allah, sevmişəm;

niyə səni çox sevmişəm,

sən, ay başımım bəlası.

Bir xatirəni danışım. Bir dəfə kəndimizə getmişdim. Müəllimlər kənddə ot tayası yığırdılar, bu zaman poçtalyon gəldi və bir jurnalda şeirimi gətirdi. Müəllimim şeirimi ucadan oxudu və hamı da dinlədi. Bu zaman əlində ot yığan bir qız mənə yaxınlaşdı və soruşdu ki,ki, siz şairsiniz? Dedim, bəli! Soruşdu ki, mənə şeir yaza bilərsiniz? Dedim ki, bəli. Mən də ondan kim olduğunu soruşdum. Bakıdan kəndə qonaq gəldiyini bildirdi. Qəşəng qız idi. Adının Nailə olduğunu dedi. Cavan oğlan idim, gözlərim alışıb yanırdı. Famil Mehdinin “Kəndimizin gözəl qızı Nailə” adlı şeiri var idi. O şeiri əzbərdən dedim. Şeirin sonuncu bəndi yadımdadır.

Kəndimizin gözəl qızı Nailə,

Demirəm ki, ya beləyəm, ya elə.

Ya eşqinlə yaşat məni dünyada,

Ya öldürüb, Şeyx Sənana tay elə.

Qız qıp-qırmızı pörtüb, əlindəki ot yabasını atıb qaçdı. O gedən getdi. Sonra eşitdim ki, qonaq gəldiyi evin oğlu ilə evlənib və daha sonralar ayrılıb. Uzun illər sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbdə psixoloq işləyirdim. Mənə dedilər ki, sizi bir xanım çağırır. Gördüm ki, ağ saçlı bir xanım mənə yaxınlaşdı. Dedi ki, məni tanımadınız, “Kəndimizin gözəl qızı Nailəyəm”. Xatırladım, çox dəyişməmişdi. Dedi ki, oraya oğlunu gətirib və mənim burada olduğumu bilib və onun üçün yaxınlaşıb.

- “Gününü sanayan adam” şeirində “Mənə tanış gəlirsən, məni tanıyan adam” misrası çox xoşuma gəldi. O “məni”, yəni özünüzü necə xarakterizə edərsiniz?

- O adam şeirdə obrazdır... Bu, bir hadisədən yaranan şeirdi. Tanıdığım, tərki-dünya bir insanın həyatından götürmüşəm.

- Şeir yazarkən öz yaşadıqlarınız, yoxsa ətrafda müşahidə etdiyin hadisələrə daha çox üstünlük verirsiniz?

- Şair təxəyyülü elədir ki, bütün gördüklərini doğmalaşdırırsan, öz canından keçirirsən. O hissləri yaşamasan, şeir yaza bilməzsən. Beynimdə bütün günü söz oynayır.

- Şeirlərinizi gecələr yazırsınız?

- Nə vaxt gəldisə yazıram, gecə-gündüz fərq etməz. Küçədə, maşınla gedəndə belə maşını saxlayıb, gələn misranı qeyd edirəm, sonra işləyirəm.

- “Gününü sanayan adam” şeirində insan ölümünü gözləyir. O şeiri yazan zaman hansı hissləri yaşadınız? İnsan ölümdən qorxurmu?

- Bəli. Kim deyir ki, ölümdən qorxmur, bu yalandır.

- Nazim müəllim, yaş irəlilədikcə insan daha çox hansı mövzuda şeir yazmağa üstünlük verir?

- Hər yaşın öz təravəti, öz dünyagörüşü var. Bu da yaradıcılıqda büruzə verir.

- Maraqlıdır ki, kədərli olarkən hansı şeirinizi dinləyirsiniz?

- “Mən səni nə çox sevmişəm” şeirimi dinləyirəm.

- Kimə həsr edilib?

- Həyatda ən çox sevdiyim və indi də mənimlə birgə olan qadına.

- Bəs, həyat yoldaşınız qısqanmır?

- Şeirdə onun obrazıdır...

- Şeirlərini bəyəndiyiniz gənc şairlər varmı?

- Roma Xosrov, Qabil Ədalət, Qismət, Aqşin Evren və s.. Onun və bir neçə gənc şairin şeirlərini bəyənirəm.

- Bəs xanımlar arasında tanınmış şairələrimiz yoxdur?

- Xeyr, çox gözəl və istedadlı şairələrimiz var. Fərqanə Mehdiyeva, Xəyalə Sevil, Arzu Hüseyn, Gülnarə Sadiq, Şəfa Vəli və siyahını çoxalda bilərəm!

Rəqsanə

AzNews.az