İran ciddi şəkildə ABŞ-ı sarsıda bilər - Məhəmməd Əsədullazadə "Yaxın plan"da

17 May 2019 21:15 (UTC+04:00)

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır?

Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan insanlarla “Yaxın plan” layihəsi altında müsahibələr təşkil edir. Məqsədimiz, ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Bu dəfəki müsahibimiz politoloq Məhəmməd Əsədullazadədir.

- Son zamanlar ABŞ-İran məsələsi beynəlxalq aləmin prioritetlərindən birinə çevrilib. Fikrinizcə, bu iki dövlət niyə ortaq məxrəcə gələ bilmir?

- ABŞ-la İran artıq 40 ildən çoxdur ki əzəli rəqibdir. İran Yaxın Şərqdə ABŞ-ın siyasətinin qarşısını almaq üçün hərbi qüvvələr yaradır. Həmçinin o regionda vəkalət müharibələrinin də iştirakçısıdır. Təbii ki, Yaxın Şərqdə ABŞ-ın köklü maraqlarının qarşısına çıxan İran Vaşinqtonun siyasi-iqtisadi təzyiqləri ilə qarşılaşır. ABŞ İran dəstəklədiyi silahlı qruplara qarşı dolayı yolla zərbələr də endirir. Hər iki ölkə Yaxın Şərqdə vəkalət müharibəsi aparmaqla öz maraqlarının qorunmasına çalışır. Bu gün hər iki ölkənin maraqlarının toqquşması regionda destabilizasiya yaradıb.

- Hər iki ölkənin mediasında müharibə ilə bağlı fikirlərə rast gəlirik. ABŞ mətbuatı Ağ Evlə İranın arasını vuran şəxs kimi Con Boltonu göstərir. Sizcə, Bolton niyə iki ölkə arasında savaş çıxmasını arzulayır?

- Trampın ABŞ administrasiyasında formalaşdırdığı komanda əsasən Yəhudi lobbisi ilə sıx bağlıdır. Con Boltonun İrana qarşı hərbi əməliyyatlarda maraqlı olmasına gəldikdə isə, bu, yəhudi lobbisi ilə bağlı olsa da, bir növ bu komanda Yaxın Şərqdə ABŞ-ın siyasi-hərbi maraqlarının artmasında daha da maraqlıdır. Bu komanda qırğı komandasıdı və İrana qarşı həm yumşaq gücdən, həm də lazım gələrsə, hərbi gücdən istifadəyə çəkinmir. Ona görə də Con Bolton həm İsrailin maraqlarını təmin edir, həm də ABŞ-ın geosiyasi gücünü formalaşdırır.

- Rəsmi Tehran uranın zənginləşdirilməsi ilə bağlı layihəsini davam etdirmək qərarına gəlib. Həmin qərar bölgədə müharibə anonsu verə bilərmi? Çünki ABŞ dəfələrlə bəyan edib ki, Ağ Ev İranın nüvə silahına malik olmasına imkan verməyəcək.

- ABŞ-ın hərtərəfli fəaliyyət proqramından çıxması İrana qarşı Qərbin sanksiyalarına qoşulmasına və bu ölkəyə mümkün lokal zərbələr endirilməsinə gətirə bilər. Uranın zənginləşdirilməsinin davam etdirilməsi İranı mənfi nəticələrə aparacaq.

- Liviya, İraq və Suriya liderlərinin bir vaxtlar “ABŞ bizi məğlub edə bilməz” açıqlamalarının acı nəticəsi hər kəsə bəllidir. İranlı generallar da bu cür açıqlamalarla çıxış edir. Bu generallar kimə və nəyə arxalanır?

- ABŞ-a döyüş elan edən bəzi ərəb ölkələri bu gün dövlətçiliklərindən olublar. Ona görə də İranın dünyanın super gücünə malik olan ABŞ-a qarşı bu kimi bəyanatları özünü qorumaq instinktidir. Digər tərəfdən bu gün İran regionun güclü hərbi potensialına malikdir və ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinə zərbə endirməyə qadirdir. Bu müharibə ABŞ-a itkilər verəcək. İran ciddi şəkildə ABŞ-ı sarsıda bilər.

- ABŞ isə İran hakimiyyətini devirmək üçün sadəcə Tehrana iki dəfə bomba yağdıracağını və bununla da hər şeyin bitəcəyini deyir. Sizcə, Vaşinqton bu addımı ata bilərmi?

- ABŞ Tehrana iki bomba atmaqla onları məğlub edə bilməz. Reallıq var. Yalnız atom atmaqla buna nail ola bilər. Bu da üçüncü dünya müharibəsini gətirər. ABŞ rəsmilərinin bu kimi bəyanatları soyuqbaşlıdır. Vaşinqtonun Tehrana bomba atması regionda yeni müharibə, Fars körfəzi ölkələrinin və ABŞ bazalarının hədəf olması mənasına gəlir.

- Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski açıqlamışdı ki, İranda müharibə başlayacağı təqdirdə Rusiyaya və Qafqaza böyük miqrant axını gələ bilər. Belə olan halda Azərbaycan yəqin ki, İranda yaşayan 35-40 milyon azərbaycanlının taleyinə biganə qalmaz.

- Təbii ki, müharibənin geniş miqyasda başlaması Qafqaza da mənfi təsir edə, humanitar problemə səbəb ola bilər. Qaçqın axını, orada yaşayan soydaşlarımızın bura köçü ölkəmiz üçün arzuolunmaz vəziyyət yaradar. Qaçqın axını Rusiyaya da keçə bilər. Ümumiyyətlə İranla müharibə dağıdıcı fəlakətdir. İran digər ərəb ölkələri kimi zəif deyil. Hesab edirəm ki, Rusiya, Çin və digər ölkələr bu müharibənin qarşısının alınması üçün ABŞ-la danışıqlar aparacaqlar. Bu müharibə ABŞ üçün də dağıdıcıdı təsirə malik ola bilər. Sadəcə ABŞ rəhbərliyi İsrailin sözü ilə vəcdə gəlib.

Pərvanə Ağazadə

AzNews.az