Baş məşqçi Bakıdan qaçdı

2 May 2013 09:24 (UTC+04:00)


2011-ci ildən beynəlxalq miqyasda çıxışını dayandıran kişi voleybolçulardan ibarət Azərbaycan yığması yenidən çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının I təsnifat mərhələsinin hazırlıqlarına başlayan komandamızın baş məşqçisi Plamen Xristov vəzifəsindən ayrılıb.

Təxminən 2 ay öncə millimizin "sükanı arxası"na gətirilən bolqarıstanlı mütəxəssisin postundan getməsi isə gözlənilməz olub. Onun müəmmalı şəkildə, federasiyaya xəbər etmədən Bakıdan qaçdığı bildirilir.

Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəyli bu məsələ ilə bağlı apasport.az saytına bildirib ki, hazırda ölkə xaricində olduğundan danışa bilmir: "Hazırda Lüksemburqdayam. Azərbaycana qayıdandan sonra milli komanda barədə danışa bilərəm".

Yaxın günlərdə yığmamıza yeni baş məşqçi gətiriləcək. Onun da əcnəbi mütəxəssis olacağı bildirilir.

Qeyd edək ki, komandamız dünya çempionatının I təsnifat mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Hollandiya ilə qarşılaşacaq. Bu görüşlə mayın 23-26 aralığında baş tutacaq.