“İdmançılar insan alveri qurbanına çevrilir”–şok iddia
2 May 2013 09:31 (UTC+04:00)
İdman və Gənclər Nazirliyi, eləcə də bəzi idman federasiyaları Azərbaycana gətirilən və müxtəlif idman yarışlarında Azərbaycanı uğursuz təmsil edən idmançıların sonrakı taleyi ilə maraqlanmırlar.
Bu barədə məlumatı AzNews.az-a Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri, Əlövsət Əliyev verib. O bildirib ki, nəticədə əcnəbi idmançıların bəziləri insan alverinin qurbanına çevrilirlər: "Vaxtilə Azərbaycan vətəndaşlığı qazanan nigeriyalı futbolçu bizim təşkilata müraciət edib. Bu şəxs uzun müddət ayrı-ayrı futbol komandalarında oynayıb və hər klubda çıxış edərkən ona ayrı-ayrı pasportlar verilib.
Ölkəsinə qayıtmaq istəyəndə isə pasportunu əlindən alıblar və o sənədsiz miqranta çevrilib. Yalnız birlik tərəfindən beynəlxalq təşkilatların dəstəyi ilə göstərilən yardımla o öz ölkəsinə qayıda bildi"
Ə.Əliyevin sözlərinə görə, birliyə daha beş Nigeriya vətəndaşı müraciət edib: "Onlar turizm şirkətləri tərəfindən aldadılaraq idman federasiyalarına cəlb olunacaqları təklifi ilə Azərbaycana gətiriliblər. Lakin həmin şəxslər müraciətdən sonra ölkə ərazisindən çıxarılıblar".
Elnarə
AzNews.az