“Qalatasaray” “Başakşəhər”i məğlub etdi - 22-ci dəfə Türkiyə çempionu oldu

19 May 2019 22:14 (UTC+04:00)

Türkiyə Super Liqasında XXXIII tur davam edir.

Tur çərçivəsində daha dörd oyun keçirilib.

Mərkəzi qarşılaşmada çempionluq uğrunda mübarizə aparan “Qalatasaray”la “Başakşəhər” üz-üzə gəlib. Eyni xala malik liderlərin İstanbul derbisində “sarı-qırmızılar” əzmkar qələbə qazanıblar.

Matçda məğlub duruma düşən Fatih Terimin yetirmələri iki qol vuraraq qalib gəlməklə xal hesabını 69-a çatdırıblar. Bu, “Qalatasaray”a sona bir tur qalmış çempionluğu təmin etmək imkanı verib. Rəqibini üç xal qabaqlayan “cim-bom” şəxsi oyunlardakı üstünlüyə görə tarixində 22-ci çempionluğu qazanıb. Bir neçə gün öncə Türkiyə kubokunu da qazanan F.Terimin komandası bununla “Qızıl dubl”a imza atıb.

Digər üç oyunda qalib müəyyənləşməyib. Turnir cədvəlindəki qonşular “Alanyaspor”la “Rizəspor” hərəyə 1 qolla bir xal qazanıb.

Super Liqada qalmaq uğrunda mübarizə aparan “Bursaspor”la “Göztəpə”nin oyununda qol vurulmayıb. Aşağı dəstəyə yuvarlandığı rəsmiləşən “Akhisar” isə “Kayserispor”u büdrədib – 2:2.

Qeyd edək ki, tura mayın 20-də yekun vurulacaq. (ona.az)

AzNews.az