Nazirlərin Vaşinqton görüşü nə vaxt baş tutacaq?..

20 May 2019 08:30 (UTC+04:00)

Aydındır ki, son aylarda ABŞ-ın xarici siyasət idarəsinin iş qrafiki ifrat dərəcədə sıxlaşıb; bir tərəfdən Venesuela, o biri tərəfdən də İran...

Amma əgər amerikalılar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü Vaşinqtonda keçirmək istədiklərini bildirublərsə, deməli bunun üçün müvafiq bir vaxt da tapmalıdırlar.

Düşünürdük bunun üçün əlverişli məqam mayın son on günlüyü ola bilər, çünki bu vədələrdə Vaşinqtonda ikinci trans-Xəzər forumu işinə başlayacaq və bu tədbirin gedişində nazirlərin görüşünü də təşkil etmək olar, hərçənd, erməni nazirini ora dəvət etmək üçün elə bir əsas yoxdur.

Amma hələ bu konteksdə heç nə bəlli deyil və hətta məlum deyil ki, ümumiyyətlə, may ayında bu görüş baş tutacaqmı? Üstəlik, siyasi təhlil adamları qarşıdakı görüş haqqında çox pessimist proqnozlar səsləndirir və qeyd edirlər ki, ən azı iki səbəbdən böyük ümidlərə qapılmaq lazım deyil.

Birincisi, müşahidələr göstərir ki, Ermənistan hökuməti, o cümlədən də N.Paşinyanın özü hələ ciddi və substantiv danışıqlara hazır deyil.

Ola bilsin, cənab Paşinyan ayıq-sayıq vaxtlarında ürəyinin dərinliklərində anlayır ki, sülh istiqamətində kardinal dönüşlər etmədən nəinki Qarabağ danışıqlarını, ümumiyyətlə, ölkəsinin regional siyasətini “ölü nöqtə”dən tərpətmək mümkün olmayacaq: yəqin o, başa düşür ki, Dağlıq Qarabağ problemini həll etmədən Ermənistan özünün sosial-iqtisadi problemini də həll edə bilməyəcək.

Amma o, bunları hələki dilə gətirməkdə acizdir, bizim isə ekstrasensorika ilə məşğul olmağa nə həvəsimiz, nə də vaxtımız var.

Əlbəttə, Rusiyanın planları konteksində də müəyyən problemlər var. Paşinyan tez başa düşdü ki, ən azı Qərbin real dəstəyini almadan anti – Rusiya jestləri etmək, Qərbə tərəf aşkar meyllənmək həm risklidir, həm də mənasız.

Üstəlik, o özü də bilmir ki, Kremlin Ermənistanın yeni hakimiyyətilə bağlı niyyəti nədir? Rusiyaya bir neçə dəfə səfər etməsinə və V.Putinlə aralarında çox pozitiv münasibətlərin bərqərar olmasını iddia etməsinə rəğmən N.Paşinyan da bilir ki, Moskva hələ də kartlarını tamamilə açmır və gizlətmir ki, iki yaxın ölkənin münasibətlərində hələ də müəyyən qədər şübhə və tərəddüd üçün yer qalır.

Paşinyan özü bu yaxınlarda bəyan etmişdi ki, Kreml onun kadrlarına şübhə ilə yanaşır və onları “C.Sorosun və ABŞ-ın uşaqları” adlandırır. Di gəl, erməni baş naziri kadrlarını dəyişmək fikrində də deyil, əksinə onları növbə ilə Vaşinqtona göndərir ki, bəlkə ABŞ administrasiyası ilə körpü yarada bildi. Biz bu sətirləri yazarkən onlardan biri – Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Vaşintonda səfərdə idi.

Rusiya prezidentinə gəldikdə isə, N.Paşinyan elə bu yaxınlarda bəyan etdi ki, ola bilsin, bu il oktyabrın 1-də V.Putin Ermənistana səfər edəcək, indi isə çox hörmətli Vladimir Vladimiroviç erməni həmkarını özünün yüksək diqqətilə xoşbəxt etməyə tələsmir.

Düşünürük ki, aralıq zaman intervallarında Kreml öz istəklərini İrəvana S.Lavrov vasitəsilə ötürür. Bəlli olduğu kimi, nazirlərin son görüşü S.Lavrovun iştirakı ilə keçmişdi və o görüşdən yadımızda qalan bu oldu ki, Rusiyanın baş diplomatı da əsirlər və girovlarla maraqlanır ki, bu da hər halda, optimizm üçün əsas verir ki, bu il nəhayət ki, əsir və girovları dəyişmək mümkün olacaq. Yada salaq ki, belə təkliflə rəsmi Bakı hələ ötən il payızda çıxış etmişdi, amma Paşinyan buna adekvat reaksiyası ilə seçilmədi, halbuki bu mühüm hadisə olar, hətta danışıqlar prosesi üçün bir etimad jestinə və mülayimləşmə anına çevrilərdi.

Hiss olunur ki, Paşinyanın amerikalılara da deyiləsi sözü yoxdur, hansılarla ki, bu adam anlaşma yaratmaq üçün dəridən-qabıqdan çıxır.

Bəlli olduğu kimi, amerikalılar ondan regional siyasətdə konkret addım gözləyir.

Aydın məsələdir ki, amerikalılar da elə də sadəlövh və təcrübəsiz deyillər ki, durub Rusiyanın satellitinə dəstək versinlər, baxmayaraq ki, ABŞ-dakı erməni lobbisi onlardan məhz bunu – Ermənistanın yürütdüyü xarici siyasətdən asılı olmayaraq ona kömək və dəstək olmağı tələb edir.

Odur ki, Paşinyan küncə sıxılmış vəziyyətdədir. Güman, o, istəyərdi ki, nazirlərin görüşü mümkün qədər gec baş tutsun. O, hələ Dağlıq Qarabağ hərbi teatrına nəzarəti əlinə almayıbdır və məlumdur ki, təkcə yallı getməklə və rəqs etməklə Qarabağ ermənilərinin “ürəklərini fəth etmək” çətin olacaq.

Üstəlik, rəqibləri də onun üçün manevr imkanı saxlamır; nə qədər gülməli olsa da, bu yaxınlarda onu hakimiyyətə yeni Turan qurmaq üçün gəlməkdə ittiham etmişdilər!..

Amma siyasətçinin məharəti onda bilinir ki, mümkün qədər operativ şəkildə əsas ictimai-siyasi tendensiyaları müəyyən edə və onlara söykənə bilsin. Məlum olduğu kimi, hazırda eks-prezident R.Koçaryan və yaxın tərəfdaşları üzərində məhkəmə prosesi gedir. Son məlumatlara görə, B.Saakyan onun azadlığa çıxmasına nail olubdur, baxmayaraq ki, prokurorluq məhkəminin bu qərarından şikayət verməyə hazırlaşır. Di gəl, əsas məsələ budur ki, İrəvanda Koçaryanı heç kim müdafiə etmir və o, Qarabağ ermənilərinin ümidinə qalıb. Amma Paşinyan sanki bunları görmür və elə bil həqiqətən də qorxur ki, sabah onu “turançılığa dəstək olmaqda” ittiham edəcəklər. Halbuki məsələnin başqa tərəfi də var: indi Saakyan Koçaryanı həbsdən çıxarmağa çalışırsa, təminat varmı ki, sabah onlar yenidən bir siyasi müstəvidə birləşməyəcəklər?..

Hüseynbala Səlimov