Bakı-Tbilisi-Bakı xəttinə əlavə 100 avtobus buraxılacaq

20 May 2019 12:48 (UTC+04:00)

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib.

Bu barədə DANX-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə 27-31 may tarixlərində mövcud Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.

“27-31 may tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq”, - deyə N.Allahyarova əlavə edib.(report.az)

AzNews.az