Ramazan ayında ingilis sayğısızlığı

20 May 2019 15:43 (UTC+04:00)

İllər öncənin söhbətidir. İngilislər Bakıda öz əsgərlərinə xatirə abidəsi qoyurdular. Bizsə etiraz edirdik. Tarixdən bəllidir ki, Çar Rusiyası süqut edərkən yaranmış imkandan istifadə edən aydınlarımız Azərbaycan Xalq Cümhuriyyətini qurmuşdular. Həmin dönəmdə ingilislərin də iştahası qabarmış, Bakını işğal üçün gəlmişdilər. Lakin sonradan Osmanlı əsgərlərinin yardıma gəlməsi, Azərbaycan ordusunun yavaş-yavaş təşkili ingilislərin burnunu ovmağa şərait yaratdı. General Tomsonun başçılıq etdiyi ingilis əsgərləri xeyli itki verdikdən sonra Bakını tərk etməyə məcbur oldular. Təbii ki, ölmüş silah yoldaşlarını özlərilə aparmadılar, onları Bakıda – Çəmbərəkənd qəbristanlığında dəfn etdilər. Aradan yüz ilə yaxın müddət keçəndən sonra Böyük Britaniyanın Azərbaycandakı səfirliyi o əsgərlərə Şəhidlər Xiyabanında bir xatirə lövhəsi ucaltdı. Biz bundan xəbər tutduq, etirazımızı bildirdik. Yadımdadır, hətta şəxsən özüm Böyük Britaniyanın Bakıdakı səfirinə geniş etiraz məktubu yazmışdım. O da tənbəllik eləməmiş, bizim məktublarımıza cavab verməyi özünə vacib bilməyən bəzi vecsiz məmurlarımızdan fərqli olaraq şəxsimə geniş – 2 səhifəlik cavab yazmışdı. Həmin məktubda qeyd edilirdi ki, ingilis əsgərlərinə abidə üçün yeri Bakı Şəhər İcra Hakimiyyəti təklif edib…

Sözümüz indi o məsələdə deyil. Bizi narahat edən başqa bir durum var. Bugünlərdə eşitdik ki, Böyük Britaniya səfirliyi özünün bayraq dirəyindən xalq arasında üzdəniraq dediyimiz LGBT-lərin bayrağını asıb. Açığı, belə bir sayğısızlığı heç gözləmirdik. Hətta düşünməzdik belə. Lakin bəlli olur ki, Böyük Britaniya səfirliyi bunu adidən də adi, normal bir şey kimi qəbul edir. Etsin. Lakin onlar bir şeyi unudurlar ki, bayraq asdıqları məkan şəhərin mərkəzində, insanların ən çox gəzib-gördüyü yerdədir. Düzdür, səfirliklərin ərazisi təmsil etdiyi ölkəyə aiddir. Yəni onlar içəridə necə davranıb nə etməyi özləri müəyyən edər, olduqları ölkənin heç bir qurumu ora müdaxilə edə bilməz. Ancaq Böyük Britaniya səfirliyinin bayraq dirəkləri o ərazidən bayırda olduğu üçün bu məsələdə diqqətli olmaları lazım idi.

Azərbaycan bir müsəlman toplumudur. Burada əhalinin 90 faizindən çoxu bu və ya digər şəkildə müsəlmandır. Təbii ki, islam ardıcıllarının öz əxlaq normaları da var. O normalara görə, üzdəniraqlıq günah sayılır və toplum üçün ayıbdır. Belə bir toplumda kiminsə çıxıb onların bez parçasını göylərə qaldırması sayğısızlıqdan başqa bir şey deyil! Hələ nəzərə alaq ki, bu “bayraq” olayı Ramazan ayına təsadüf edir. Böyük Britaniya səfirliyi müsəlmanların bu müqəddəs ayında o bez parçasını insanların gözünə dürtməklə Azərbaycana, onun dəyərlərinə bağışlanmaz sayğısızlıq etmişdir!

Hələ nəzərə alaq ki, Böyük Britaniya dünyada dəyərlərin keçikçisi olduğunu iddia edən dövlətlərin önündə gedir. Elə isə, niyə Azərbaycan toplumunun əxlaq normalarına bu qədər sayğısızlıq edirsiniz? Niyə müsəlmanların həssas və müqəddəs ayı olan Ramazanda Bakının ən görməli yerlərindən birində belə rəzalətə yol verirsiniz?

Mənim bu suallarım bir də bizim Xarici İşlər Nazirliyinədir. Siz niyə belə məsələlərdə görməzlikdən gəlirsiniz? Siz niyə Azərbaycandakı səfirliklərin həm də bu ölkənin milli-mənəvi dəyərlərinə, ümumi qəbul edilmiş əxlaq normalarına sayğılı davranmalı olduğunu vaxt-vaxtdan onlara xatırlatmırsınız?

Necə olur ki, Böyük Britaniya öz vətəndaşı hətta Azərbaycana bir futbol oyununu izləməyə gələndə belə ölkəsinin qayda-qanunlarını da onunla bərabər bura göndərmək üçün çalışır, bizsə öz ölkəmizdə, öz paytaxtımızda öz toplumumuzun əxlaq normalarını ayaqlar altına atan ingilislərə heç məhəl də qoymuruq?

Məncə Azərbaycan Xarici İşlər Nazirliyi belə həssas məsələlərlə bağlı səfirliklərə dövri xəbərdarlıq göndərməlidir. Anlayırıq, bilirik ki, səfirliklər öz dövlətlərini təmsil edir, onların qanun və normalarını rəhbər tutur. Lakin onu da xatırlatmaqda yarar var ki, səfirliklər həm də olduqları ölkələrin müvafiq qanun və dəyərlərinə sayğılı olmalı, bu yöndə beynəlxalq öhdəlikləri də nəzərə almalıdırlar. Əks təqdirdə belə səfirliklər ölkələr arasında körpü deyil, uçurum rolunu oynayar. Biz dövlətimizə, xalqımıza və onun milli-mənəvi dəyərlərinə sayğı tələb etmə haqqına sahibik. Böyük Britaniya da daxil olmaqla bütün dövlətlərin və beynəlxalq qurumların Azərbaycandakı təmsilçiliklərinin borcudur ki, qarşılıqlı şəkildə bu sayğıda qüsur etməsinlər.

Həm də Azərbaycan Xarici İşlər Nazirliyinin borcudur ki, belə həssas məsələlərdə susqunluq nümayiş etdirməsin.

Sözardı: Daim islam təəssübkeşi olduğunu iddia edən, bizi ən adi məsələlərdə belə linç etməyə qalxışan bir kəsim var Azərbaycanda. Nəsə onların səsi gəlmir. Nədir, əməlin sahibi ingilis olunca sizin səsiniz niyə çıxmaz oldu? Niyə müqəddəs Ramazan ayında üzdəniraqların bayrağını başımızın üzərinə qaldıran ingilislərə heç bir etiraz etmirsiniz?

Azər Həsrət