Deputat Fuad Abbasovun müdafiəsinə qalxdı

21 May 2019 12:01 (UTC+04:00)

“Azərbaycanın xarici işlər nazirliyi konkret bu fakta görə Rusiya xarici işlər nazirliyinə nota verməlidir”.

AzNews.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Rusiyada fəaliyyət göstərən, bu günlərdə fiziki işğəncəyə məruz qalan jurnalist Fuad Abbasovla bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Deputat qeyd edib ki, bir adam hamının xoşuna gəlməyə bilər, ancaq ən pis şey unutqanlıqdır:

"Fuad Abbasovun Rusiya-Türkiyə münasibətlərinin ən kritik anlarında göstərdiyi fədakarlıq, Azərbaycanlı-Çeçen konflikti zamanı atdığı addımlar barış üçün olduqca zəruri idi. Rusiyada onsuz da dünyagörüşcə və fəaliyyət sferasına görə olduqca dağınıq bir diasporumuz mövcuddur. Burada hamının maraqlarını təmin etmək elə də asan məsələ deyil. Digər tərəfdən Rusiya Xüsusi Xidmət orqanları üçün azərbaycanlıların aktiv siyasi və mədəni çalışmaları da bir o qədər arzuolunan deyil və belə bir mühitdə kimsə irəli duraraq gücü çatan hansısa işləri görübsə, buna ancaq minnətdarlıqla yanaşmaq lazımdır. Burada Fuad Abbasovun atdığı hansı addımlarda siyasi yanlışlıq, naşılıq və başqa epizodlar da ola bilər. Lakin bu kimsəyə əsas vermir ki, ona fiziki işgəncə versin, üstəlik də başqa birisi də bu işgəncəyə və ya onun saxlanmasına haqq qazandırsın. Bu haqq qazandıranlar azərbaycanlı olanda, sadəcə ayıb bir davranış kimi qiymətləndirilməlidir”.

Fazil Mustafa hesab edir ki, bu hadisə digər azərbaycanlıların gözünü qırmaq üçün də düşünələ bilər:

“Ona görə də indilik bütün ittihamları yığışdırıb Fuadın hüquqlarının müdafiəsi istiqamətində həm peşəkar hüquqi, həm də siyasi addımlar atılmalıdır. Bütün hallarda Azərbaycan dövləti öz vətəndaşının arxasında durmalıdır və Rusiyadakı səfirimiz oranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müzakirələr apararaq bu biabırçı davranışı törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində fəal diplomatik addımlar atmalıdır”.

Bahar RÜSTƏMLİ

AzNews.az