Sumqayıtda Vəkillər Kollegiyasının ilk regional vəkil qurumu açıldı - FOTOLAR

21 May 2019 14:33 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının ilk regional qurumu olan – Sumqayıt Regional Vəkil Bürosunun inzibati binasının açılışı olmuşdur.

Qeyd olunmalıdır ki, regional büronun açılışı Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq həyata keçirilməkdədir.

Qeyd edək ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi, 71 ünvanındakı doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən həmin inzibati bina Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası məqsədilə 19 sentyabr 2018-ci il tarixdə Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilmişdir.

Vətəndaş məmnunluğunun, vətəndaşların və təşkilati-hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatların hüquqi yardıma sürətli çatımlılığın təmin edilməsi, habelə Sumqayıt Regional Vəkil Bürosunda normal iş şəratinin təşkil edilməsi məqsədilə inzibati binanın təmiri zəruri olduğundan ötən müddət ərzində həmin binanın təmiri həyata keçirilmişdir.

İnzibati binanın təmiri ilə yanaşı, Sumqayıt Regional Vəkil Bürosunun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə həmin vəkil qurumu mebel, kompüter və digər zəruri avadanlıqlarla təmin edilmişdir ki, bu işlərin görülməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin Ehtiyat Fondundan bu məqsədlər üçün Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına təmin edilmişdir.

Təmir işlərinin bilavasitə dövlət vəsaiti hesabına aparıldığı nəzərə alınaraq bununla bağlı Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə tikinti-təmir sahəsini tənzimləyən digər hüquqi aktların tələblərinə uyğun olaraq inzibati bina üzrə görüləcək işlərin həcmi dəqiqləşdirilmiş və təmirlə əlaqədar ehtimal olunan qiymətlərin müəyyən edilməsi məqsədilə Vəkillər Kollegiyası tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilmişdir.

Tikintidə Qiymətqoyma Mərkəzinin həmin obyekt üzrə təqdim etdiyi hesabatlara əsasən inzibati binanın təmir işlərinin ƏDV daxil 58.991,53 manat təşkil etdiyi bildirilməsinə baxmayaraq, dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə qənaətlə və daha da səmərəli şəkildə istifadəsinin təmin edilməsi məqsədilə işlərə ümumilikdə ƏDV daxil 30.444 manat vəsait xərclənmişdir. Eyni zamanda təmir işləri çərçivəsində inzibati binanın infrastrukturunun təchiz edilməsi, habelə onun mebel və kompüter avadanlıqları ilə təmin edilməsi üçün ƏDV daxil 25.924 manat vəsait xərclənmişdir.

Hazırda sahəsi 171,6 kv.m olan həmin inzibati binada konfrans zalı, konfidensial otaq, qəbul masası, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik iş otağı olmaqla, növbətçi vəkil masası, qonaq vəkil masası, mətbəx, sanitar qovşaqlar və digər şəraitlə təmin edilmiş, habelə gələcəkdə Vəkillər Kollegiyasının Tədris və Hüquqi Yardım Mərkəzi ilə əlaqəli şəkildə region vəkilləri üçün distant təlimlərin keçirilməsi məqsədilə telekonfrans sisteminin qurulması da nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan Repsublikanın 14 rayon və şəhərləri üzrə bütün vətəndaşlar, habelə təşkilati hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatlar Sumqayıt Regional Vəkil Bürosunun hüquqi yardım üzrə xidmətlərindən yararlanmaq imkanına malikdirlər.

Qeyd olunmalıdır ki, bu gün Sumqayıt Regional Vəkil Bürosunun tənətənəli açılış mərasimi ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoymuş, dahi liderin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Sonra region vəkillərinin, Milli Məclis deputatlarının, yerli icra hakimiyyəti, habelə məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və KİV nümayəndələrinin iştirakı ilə Sumqayıt Regional Vəkil Bürosunun inzibati binasının təntənəli açılışı keçirilmişdir.

Təntənəli açılış mərasiminin davamı daha sonra Sumqayıt Plaza Hotel mehmanxanasında davam etdirilmişdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası sədri cənab Anar Bağırov giriş nitqi ilə tədbirə təşrif buyurmuş qonaqları salamlayaraq regional vəkil qurumunun fəaliyyətə başlamasını istər vəkillik təsisatının, istərsə də Sumqayıt şəhərinin tarixində ilk olduğunu qeyd etdi və bu tarixi günün məhz “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində baş tutduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini cənab Teymur Səmədov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət xanım Bəktaşi, Əməkdar hüquqşünas, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri İkram Kərimov, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı və Sumqayıt şəhərində fəaliyyət göstərən vəkil Leyla Bədəlova tərəfindən çıxışlar edilmişdir.

Qeyd olunmalıdır ki, açılış mərasimindən sonra Respublikanın şimal regionunda fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillik etikası: müasir çağırışlar” başlığı altında elmi-praktik seminar keçirilimişdir. 100-ə yaxın vəkilin qatıldığı tədbir Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” Regional Proqramının birgə təşkilatçılığı ilə baş tutmuşdur. Qeyd olunmalıdır ki, tədbirdə Sumqayıt, Quba, Qusar, Abşeron, Siyəzən, Xızı, Xaçmaz və Şabran rayonlarında fəaliyyət göstərən vəkillər iştirak edirlər.

Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov ilk əvvəl “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı xüsusilə vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması, habelə "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamın tarixi əhəmiyyəti, vəkilliyin inkişaf etdirilməsində, vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığında rolu barədə öz fikirlərini bölüşmüş. Həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Vəkillər Kollegiyası arasında yaranmış sıx əməkdaşlıq əlaqələrinin əhəmiyyəti, GİZ tərəfindən həyata keçirilən tədbirlərin, seminarların vəkillər üçün faydası, o cümlədən GİZ-in Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına verdiyi dəstəyin önəmini vurğulamış, son dönəmlər vəkillik etikası kimi mövzuların vəkillər və onların vətəndaşlar, məhkəmə, hüquq-mühafizə orqanları ilə təması baxımından üçün aktuallığı barədə fikirlərini bölüşmüşdür.

İnteraktiv şəkildə keçirilən seminarda məruzəçi qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü, doktor Rudolf Lauda iştirak etmişdir. Doktor Rudolf Laudanın təqdimat çərçivəsində mühazirəsi dinlənilmiş, Avropada vəkillərin özünüidarəçiliyi və etikası, vəkilin müstəqilliyi, vəkil sirri, maraqların toqquşmasından qaçınılması, hüquq peşəsinin nüfuzu və digər mövzular ətrafında müzakirələr aparılmış, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Seminar çərçivəsində həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin “Vəkillərin öz həmkarları ilə münasibətləri və vəkil sirri” və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Vəkillərin məhkəmə və digər orqanlar ilə münasibətləri” mövzusunda mühazirələri dinlənilmişdir.(barassociation.az)

AzNews.az