“Əli Kərimli ziddiyyətlərin və qütbləşmənin olmasını arzu edən bir şəxsdir” - Hikmət Babaoğlu

21 May 2019 14:55 (UTC+04:00)

“Əli Kərimli Azərbaycan cəmiyyətində ziddiyyətlərin və qütbləşmənin olmasını arzu edən bir şəxsdir. Çünki o, bütün siyasi fəaliyyətini və siyasi məqsədini cəmiyyətdəki qarşıdurmalar üzərindən qurmağa çalışır”.

Bunu millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, bu isə Azərbaycan xalqının milli və dövlət maraqları ilə ziddiyyət təşkil edir. Himət Babaoğlunun fikrincə, ona görə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ölkədə mövcud olan dialoq və əməkdaşlıq mühitinin daha da dərinləşməsindən ciddi narahatlıq keçirir: “Hazırda biz mürəkkəb bir tarixi mərhələdə, çox mürəkkəb beynəlxalq münasibətlər sistemində yaşayırıq. Ona görə də milli maraqlarımızı təmin etmək üçün Azərbaycan cəmiyyətinin hər bir üzvünün fəaliyyəti məhz milli maraqlara yönəldilməlidir. Milli maraqlara istiqamətləndirilməlidir. Əslində hazırda baş verən hadisə bundan ibarətdir. Vaxtilə bir qrup insan Azərbaycandan köçərək müxtəlif ölkələrdə məskunlaşıblar. Digər tərəfdən, onların fəaliyyəti müxtəlif istiqamətlərdə olub. Hazırda isə insanlar nəyin və nə üçün baş verdiyini çox yaxşı dərk edirlər. Biz qlobal informasiya məkanında yaşayırıq. Bütün informasiyalar hər bir fərd üçün əlçatandır. Qərəzi olmayan, savadlı, ağıllı, vətənsevər insan da dərk edir ki, fəaliyyətlərin milli maraqlar ətrafında birləşməsi lazımdır ki, hamımız, dövlətimiz üçün yaxşı olsun”.

Millət vəkili bildirib ki, vətənimiz və dövlətimiz üçün yaxşı olan hər şey əslində bizim övladlarımızın gələcəyinin təmin olunmasıdı: “Onların firəvan, inkişaf edən, demokratik ölkədə yaşaması deməkdir. Bu həqiqəti dərk edən insanların sayı hər gün daha da çox artır. Vaxtilə əks mövqedən çıxış edən insanlar daha rasional düşünməyə başlayırlar. Əslində bu çox yaxşı bir tendensiyanın başlanğıcıdır. Ancaq Əli Kərimlinin fəaliyyəti görünür bu məqsədlərə hesablanmayıb. Elə ona görə də onun fəaliyyəti Azərbaycanda qarşıdurma yaratamaq istəyən anti-Azərbaycançı fəaliyyətləri ilə üst-üstə düşdüyünə və yaxud koordinasiyalı olduğuna görə o, bundan ciddi narahatlıq keçirir. Əlbəttə, kimin nədən narahatlıq keçirməsinə baxmayaraq, Azərbaycanın bütün intellektual, ictimai fəal fərdləri, ölkəmizi düşünən hər bir azərbaycanlı mütləq şəkildə Azərbaycanın mənafelərini müdafiə etməlidir. Dövlətimizin inkişafı üçün əlindən gələni etməyə çalışmalıdır”.(hafta.az)

AzNews.az