Müsavat xüsusi qruplar yaradıb - Gücə-güc

2 May 2013 12:31 (UTC+04:00)


Məlum olduğu kimi, mətbuatda Müsavat başqanı İsa Qəmbərə qarşı xüsusi analitik qrupun yaradılması ilə bağlı məlumat yayılıb. Qeyd olunub ki, həmin qrupun əsas vəzifəsi Müsavat başqanını və digər ciddi iddiaçıları sıxışdıraraq, dözülməz şərait yaratmaqla müxalifət düşərgəsini boykot yönümündə təsirləndirməyə nail olmaqdır.

Lakin belə bir qrupun mövcudluğuna şübhə edənlər, deyilənlərin "gülməli" olduğunu söyləyənlər də var. Məsələn, Müsavat başqanının keçmiş müavini Qabil Hüseynli AZNEWS.AZ-a açıqlamasında sırf İsa Qəmbərə görə, belə bir qrupun yaradılmasının inandırıcı olmadığını bildirib.

Müsavat Partiyasında isə belə bir qrupun mövcudluğunda israrlıdırlar. Müsavat başqanının müavini Gülağa Aslanlı AZNEWS.AZ-a açıqlamasında qrupun fəaliyyətinin İsa Qəmbərin prezidentliyə namizədliyini verdiyi ilk günlərdən hiss olunmağa başladığını deyib: "Bu qrup realdır. Hər dəfə seçki ilində İsa Qəmbərə və partiyaya qarşı təqiblər güclənir. Xatırlayırsınızsa, bu ilin əvvəlində İsa Qəmbər prezidentliyə namizədliyini verəndən sonra onun Lənkərana getmək təşəbbüsünün qarşısı kobud şəkildə, hətta sui-qəsd təhlükəsi yaratmaqla alındı. İkinci dəfə Cəlilabad-Masallı yolunda Göytəpə postunda İsa Qəmbəri saxladılar. YAP yetkililəri ictimaiyyətə guya İsa Qəmbərin 100 maşınla yol hərəkəti qaydalarını pozduğu barədə yanlış informasiyalar ötürdülər. Sonra Cəbrayıl rayon icra başçısı hədə qorxu gəldi ki, İsa Qəmbər rayona getsə, döyüləcək. Bütün bunlar həmin qrupun işlədiyi və nəticədə getdikcə təqiblərin daha da gücləndiriləcəyi faktını ortaya qoyur".

G.Aslanlı 2013-cü il seçkilərinə partiyada ciddi hazırlıq getdiyini, hər cür təqib və təzyiqlərə hazırlıqlı olmaq üçün strategiya hazırlandığını gizlətməyib: "Təbii ki, Müsavat partiyasında Seçki Qərargahı fəaliyyət göstərir, xüsusi qruplar yaradılıb. Həmin qruplar seçki şüarından, cəmiyyətə mesajlardan tutmuş seçki taktikasına qədər hər bir detalın üzərində işləyir. Hələ ki, seçki ilə bağlı strateji və taktiki planlarımızı açmaq fikrində deyilik. Vaxtı çatanda, seçki kampaniyasına start veriləndə biz ictimaiyyətə atacağımız addımlar barədə məlumat verəcəyik".

Ruhiyyə
Aznews.az