“Paşinyanın hakimiyyətdən qovulması zaman məsələsidir”

23 May 2019 12:08 (UTC+04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

- Qüdrət bəy, Ermənistanda baş verən hadisələri necə qiymətləndirirsiniz?

- Mən əvvəllər də söyləmişdim ki, Paşinyanın hakimiyyətə yolu Rusiya tərəfindən qərbyönümlü siyasəti iflasa uğratmaq üçün açıldı. Çünki Ermənistanda qərbyönümlü siyasət tərəfdarları xeyli artmışdı. Paşinyan isə çılğın və təcrübəsiz olduğu üçün həmin qüvvələrin lideri kimi işə çox yarayırdı. Rusiyda başa düşürdülər xalq arasında nüfuzunu tam itirmiş baş nazir Sarkisyandan sonra yeni və etibarlı adamlarını hakimiyyətə gətirmək üçün qərbyönümlülər hakimiyyətə gəlib iflasa uğramalıdır. Paşinyan isə bu missiyanı uğurla həyata keçirəcək. Ermənistan kimi ölkələrdə hakimiyyəti dəyişmək üçün iki faktor önəmlidir. Birincisi güclü dövlətlərdən hər hansı biri həmin ölkədə hakimiyyətin dəyişməsində maraqlı olduğunu açıq nümayiş etdirir ki, xalq bundan ruhlansın. İkincisi siyasi fəaliyyət üçün böyük məbləğdə pillar ortaya çıxarılır. Ermənistanda Köçəryanın həbsindən sonra Rusiya açıq öz narazılığını ifadə etdi. Pulu isə kənardan gətirməyə ehtiyac yox idi. Paşinyanın narazı salıb, tam siyasətdən uzaqlaşdıra bilmədiyi oliqarxların pulları kifayətdir.

Bundan başqa Paşinyanın Qarabağ məsələsində sələflərindən daha sərt mövqe sərgiləməsi və hakimiyyətdə ola-ola xalqı dövlət hakimiyyətinin müstəqil qanadı olan, Köçəryanı azad etmiş məhkəmələrin fəaliyyyətini iflic etməyə çağırması onun nə qədər emosional və kal birisi olduğunu bir daha təsdiq etdi. Müasir dövlət qurmaq üçün şüurlu surətdə çətinliklərə hazır olmayan xalq isə inqilabdan dərhal sonra gözlədiyi möcüzənin baş vermədiyini görüb Paşinyanın çağırışı ilə küçələrə axışmadı. Bu Paşinyanı nə qədər məyus etdisə, onun rəqiblərini bir o qədər ruhlandırdı. Paşinyanın hakimiyyətdən qovulması zaman məsələsidir. Yaxşı olar ki, milli maraqlarımız naminə biz bu prosesdə iştirak edək.

1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyindən istifadə edən Ermənistan Qarabağ ətrafındakı beş rayonu heç kimə əhəmiyyət verməyərək işğal etdi. İndi eyni cəsarəti biz nümayiş etdirib ən azı həmin rayonları azad etməliyik. Əlbəttə bu məsələdə Rusiya anlaşa bilsək daha yaxşı olar.

- Qüdrət bəy, Milli Məclisin son iclasında Ziyafət Əsgərov Fazil Mustafanın müzakirə olunan məsələdən kənara çıxdığına görə əsəbiləşdi və həmin məsələ ilə əlaqədar çıxışa yazılmış deputatların çıxış üçün təkid edib-etmədiyini öyrənmədən məsələni səsə qoydu. Bununla bağlı nə deyə bilərsiniz?

- Təəssüf ki, Milli Məclisin nüfuzuna xələl gətirən bu cür hadisələr baş verir. Bundan daha iyrənc hadisə isə dərhal sonra növbəti məsələnin müzakirəsi zamanı baş verdi. Çıxışa yazılan Siyavuş Novruzov dedi ki, deputatları narahat edən məsələlər barədə biz, Ziyafət Əsgərovun dediyi kimi feysbukda yox, burda danışmalıyıq və xeyli də mövzudan kənar danışdı. Ziyafət Əsgərov isə nəinki onun çıxışını kəsə bilmədi, əksinə onun çıxışından sonra ona dəstək məqsədilə bir xeyli özü də mövzudan kənar danışdı. Düşünürəm bu kimi məsələlər iqtidar partiyasının diqqətindən kənarda qalmamalı, müvafiq iradlar bildirilməli, Milli Məclisin gözdən salınmasına imkan verilməməlidir.

AzNews.az