“Yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” yaxın günlərdə nəşrə göndəriləcək”

23 May 2019 17:02 (UTC+04:00)

“Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin hazırlığı istiqamətində son tamamlanma işləri görülür”.

Bunu AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, lüğət yaxın günlərdə nəşrə göndəriləcək: “Hazırda "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əməkdaşlarımız tərəfindən baxış keçirilir. Bütün sözlər hərfbəhərf yoxlanılır. Eyni zamanda Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarında yer alan bütün sözlər də lüğətdə qeyd olunub. Bundan əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib. Bilirsiniz ki, 2013-cü ildə nəşr olunan orfoqrafiya lüğəti tənqid olunmuşdu və xeyli iradlar var idi. Biz yeni lüğət hazırlanan zaman bütün bu tənqid və iradları nəzərə almışıq”.

M.Nağısoylunun sözlərinə görə, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" sentyabr ayında ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təqribən 5 ildən bir hazırlanır.(report.az)

AzNews.az