Əli Kərimlinin futbol cığallığı

24 May 2019 15:42 (UTC+04:00)

Mənim futboldan siz deyən qədər başım çıxmır.

Əminəm ki, elə AXCP sədri Əli Kərimlinin də.

Amma ölkəmizdə, cəmiyyətimizdə yaxşı futbol fanatları var.

Soruşsan, “Çelsi” ilə “Arsenal”ın illər öncəki qarşılaşmasında, məsələn, 8 nömrəli oyunçunun rəqib komandanın hansı futbolçusunu meydanın harasında aldadıb keçdiyini, topu kimə ötürdüyünü, qapıya zərbə endirən hücumçunun boyunu, çəkisini, ayaqqabı ölçüsünü, hətta topun dirəkdən və qapıçının əllərindən neçə santimetr uzaq keçdiyini əzbər söyləyirlər.

Amma bu gün-sabah “Çelsi” və “Arsenal” Bakıda UEFA finalı oynayacaq, mən o komandaların nə baş məşqçilərinin adını bilirəm, nə kapitanlarının.

Məsut Özilin belə “Arsenal”da forma geyindiyini, “Arsenal”ın heyətində Henri Mxitaryan adlı bir erməninin oynadığını lap təzəlikcə bilmişəm.

Əminəm ki, elə Kərimli də Özilin həmin komandada “10”, Mxitaryanın “7” nömrəli forma geyindiyini eynilə mənim kimi bilmirmiş.

Mənim kimi futbol azarkeşi olmayan, stadiona getməyəcək, ancaq ölkəmizdə UEFA çempionatının finalının keçiriləcəyini eşidən bir adamın olaya reaksiyası necə olmalıdır?

Məncə belə:

Amma Əli Kərimli də əlindən gələni əsirgəmir, lakin həmin rəyin müsbət yox, neqativ olması istiqamətində.

Bu yöndə açıqlamalarına nəzər saldıqca, məndə yaranan təəssürat o olur ki, sanki o, bir

Azərbaycan siyasətçisi, Azərbaycanda hakimiyyətə iddialı şəxs deyil, “Neftçi”-“Ararat” matçında düşmən ölkənin komandasını dəstəkləyən sıradan bir cığaldır.

Bəli, cığallıq edirsiniz, Əli Kərimli!

İndi internet əsridir, sizə bir zəhmət, “British Airways”in qiymətlərinə də bir baxın, Londondan örnək verdiyiniz Tbilisiyə uçuşların çəkdiyi müddətə, fiyatlara da nəzər salın, “Azal”ın İngiltərənin paytaxtından bizim hava limanına sərnişin gətirmək üçün təqdim etdiyi tariflərə də.

Sizə zəhmət olarsa, mən deyim:

London-Bakı-London marşrutu üzrə “Azal”ın ümumi ortalama qiymət 670 dollar civarındadır, əgər qabaqcadan sifariş edilərsə, daha ucuzvari bilet əldə etmək də olar. Məlumunuz, dünyanın bütün aviaşirkətləri uçuşa az qaldıqca, qiymətləri artırır. Uçuş müddəti 6 saatdır. Yenə ümumi götürsək, Londandan Tbilisiyə ən ucuz uçuş təklif edən və uçuşu 22 saat çəkən Ukrayna Hava Yollarının bileti isə 342 dollar həndəvərindədir. Məgər, 6 saat çəkən birbaşa uçuşla, 22 saat davam edən dayanacaqlı hava reysinin qiymətləri arasında bir fərq olmalı deyil? Baha uçuş necə olur, bilmək istəyirsiniz, buyurun, Londondan İrəvana olan ən aşağı tariflərə diqqət edin və ona da xüsusi fikir verin ki, bu reysləri həyata keçirən şirkətlərin qiymət siyasətini nə “Azal” müəyyənləşdirir, nə də Azərbaycan hakimiyyəti!

Bəli, İngiltərə zəngin bir ölkədir, onun vətəndaşları da yüksək gəlir sahibidir. Kim bilmir ki, London dünyanın ən bahalı şəhəridir, orada Bakıdakı qiymətlərə nə normal otel tapmaq olar, nə yaxşı kafe-restoran, nə də digər xidmətlər?! Bəlkə İngiltərə özü bütün dünyadan turistləri vizasız qəbul edir, məsələn, Türkiyə vətəndaşları Londona qısamüddətli bir səfərə gedəndə 113 dollardan başlayan viza xərci çəkmir?

Bəli, Əli Kərimlinin İngiltərə vətəndaşlarının qeydinə qalmasına, hansı aviareyslə, hansı qiymətə hara uçub-uçmamasından narahatlıq keçirməsinə ehtiyac yoxdur. Qoy, gəlsinlər, yesinlər, içsinlər, əyləsinlər, şənlənsinlər, xuliqanlıq etmədən, dava-dalaş salmadan, Gültəkin Hacıbəylinin sözü olmasın, üzüsulu ölkələrinə qayıtsınlar. Təki gəlib Azərbaycanda pul xərcləsinlər, beş-on funt sterlinq də Bakıda xərcləsələr, kasıb düşməzlər ki? Zira, bir müxalifət lideri ingilisin kassasına niyə qarovulçuluq etməlidir, nədən narahatdır?

Ona görə narahatdır ki, Əli Kərimli Azərbaycanda baş verən istənilən pozitiv hadisəyə görə stress keçirir, kompleksə düşür, özünün bu cür uğurlara imza ata bilməyəciyini fərq edərək aqressivləşir.

Pəki, Azərbaycan hakimiyyətinin heçmi qəbahəti yox?

Əlbəttə, var!

Azərbaycan hakimiyyətinin ən böyük qəbahəti odur ki, Əli Kərimlini heç bir vitrinə malik olmayan, dəfələrlə parçalanmış, maliyyə qaynaqları qeyri-şəffaf olan bir partiyanın sədri kimi təqdim etməsinə dözümlə yanaşır.

Taleh Şahsuvarlı,
Aznews.az xəbər portalının baş redaktoru