Rusiyanın Ermənistana verdikləri onu qudurdub

25 May 2019 09:13 (UTC+04:00)

Bir qrup rusiyalı jurnalist Yerevanda olarkən xarici işlər naziri E.Mnatsakanyana Rusiyanın hərbi bazası ilə əlaqəli sual verdilər və Mnatsakanyanın verdiyi izahlı cavabı hələlik “yox” anlamında olmalı idi. Maraqlı cəhət belə sualın indi gündəliyə gətirilməsindədir.

Rusiyalı jurnalisti təcrübəsizlikdə ittiham etmək mümkün deyil. Rusiya Xarici İşlər Nazirliyi jurnalist nümayəndə heyətinin Ermənistana səfərinin təşkilatçısıdırsa, adətən əvvəlcədən belə sualların tərtibi müzakirə olunur. Ola bilər, Rusiya jurnalistlərinin səfərini Ermənistanın Rusiyadakı səfirliyi və ya Moskvada yaşayan imkanlı ermənilərdən biri təşkil edib. Belə sual verməyi də məhz onlar özləri təşkil ediblər.

Rusiya bayrağını tapdayan şəxsin qubernator təyin edilməsi, Fransa vətəndaşı, keçmiş Mədəniyyət naziri, kəskin anti-Rusiya mövqeyə malik Nazenin Qaribyanın MDB strukturlarında Ermənistanın təmsilçisi kimi təyin olunması əslində anti-Rusiyaçılığın yeni dalğasının N.Paşinyan tərəfindən başlandığını göstərir və bu məsələnin uzun müddət davam edəcəyinin də işarəsidir. Ehtimal ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mövzusu Serj Sərkisyanın N.Paşinyana kuratorluğu ilə əlaqədardır.

S.Sərkisyan prezidentliyi dövründə çox kəskin anti-Rusiya siyasət apardı, amma bunu ermənisayağı qaydada reallaşdırdı. S.Sərkisyan açıq şəkildə bildirdi ki, SSRİ dövrü ermənilər üçün cəhənnəm olub, S.Sərkisyan qürurla bildirdi ki, Dağlıq Qarabağ məsələsi SSRİ-nin dağılmasında əsas müstəvilərdən biri olub, “Şərq Tərəfdaşlığı Proqramına” kifayət qədər anti-Rusiya fonu da o verdi. Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mövzusu dəfələrlə müzakirə edildi. Bu müzakirələrdə Avrasiya İqtisadi Komissiyasının sədri, Ermənistanın keçmiş Baş naziri Tiqran Sərkisyan da iştirak etdi. S.Sərkisyan dəfələrlə Avropa İttifaqının rəhbərləri ilə Şimali Qafqazda vəziyyətin gərginləşməsi yollarını müzakirə edib. “Çərkəz soyqırımının” tanınması məsələsi S.Sərkisyanın dövründə xeyli aktual idi. İndi N.Paşinyan Rusiyaya yaltaqlanmaqla yanaşı, bayrağı tapdalayan qubernatoru işdən çıxarmaq istəmir, hətta anti-Rusiya şəxsi MDB strukturlarının birində Ermənistanın təmsilçisi kimi təyin edir. Bunlar təsadüfən baş verməyib. Hadisələrin təsadüfən üst-üstə düşməsi də deyil.

ABŞ-la Ermənistan arasında ciddi müzakirələr gedir. Beləliklə, artıq istiqamət aydındır. Rusiya N.Paşinyanın S.Sərkisyanın kursunu davam etdirməsinin qarısını almalıdır. Çünki indi Rusiya üçün təhlükələr heç də əvvəlki dövrlə müqayisədə azalmayıb. Ermənistanın anti-Rusiyaçılığının kökündə Rusiyadan vaxtilə aldıqları dayanır. Rusiyanın Ermənistana verdikləri onu qudurdub. Rusiya Ermənistana verdiklərini geri almağa başlamalıdır. Bu, Zəngəzurun Azərbaycana qaytarılmasından və sonra da Dağlıq Qarabağın işğaldan azad olunmasından başlayan bir proses olmalıdır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq