Ermənistan ABŞ-ın müttəfiqinə niyə çevrilə bilmədi?

25 May 2019 09:48 (UTC+04:00)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-da səfərdə olub. Lakin onun səfəri uğursuz qiymətləndirilir. Belə ki, erməni mediası ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Qriqoryanı qəbul etməkdən imtina etdiyini yazıb.

Politoloq Nəzakət Məmmədova şərhində bildirdi ki, ABŞ get-gedə Paşinyan hakimiyyətinə olan ümidlərini itirir: “Paşinyandan gözlədiklərini ala bilmədilər. Ona görə də belə görünür ki, Paşinyan hökumətindən tədricən üz döndərmək istəyirlər. Əvvəla, ABŞ Paşinyan hakimiyyətinin Rusiya və İranla yaxınlaşmasına sözsüz ki, müsbət yanaşa bilməz. Lakin Paşinyan bu iki dövlət tərəfindən onun hakimiyyətinə ola biləcək mümkün təhdidləri önləmək üçün onların da maraqlarını nəzərə almaya bilməz. Bu da ABŞ-ı narahat edir. Təbii ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin qəbulunda olmaq Ermənistan Milli Təhlükəsizlik Şurası katibi üçün asan məsələ deyil. Paşinyan özü belə Nyu-Yorkda olarkən BMT Baş Assambleyasının illik sammitində Trampın audensiyasında olmağa can atsa da, Tramp onu qəbul etməmişdi. ABŞ kimi fövqəldövlətin siyasi isteblişmentində yüksək post tutan şəxslərlə ünsiyyət o zaman mümkün olur ki, onlar bunu lazım bilsinlər. Ermənistan kimi kiçik dövlətlərin siyasi elitasının istəyi burada ancaq audensiya xahiş etməkdən ibarət ola bilər”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ile ilgili görsel sonucu

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

Politoloqa görə, ümumiyyətlə, Armen Qriqoryanın ABŞ səfəri çox uğursuz olub: “Ermənistan XİN, Vaşinqtondakı səfirliyin, Amerikadakı erməni diasporasının bütün səylərinə baxmayaraq Ermənistan Milli Təhlükəsizlik Şurasının katibinə uğurlu səfər proqramı düzənləmək mümkün olmayıb. Qriqoryan ABŞ-da yüksək səviyyəli rəsmilər tərəfindən qəbul edilməyib, heç bir ciddi görüş keçirə bilməyib və qeyd etdiyimiz kimi, Con Boltonla görüş xahişi rədd olunub. Nəticədə Qriqoryan Boltonun ofisindən nümayəndə ilə görüşmək məcburiyyətində qalıb. Bolton ötən ilin payızında Ermənistana səfəri zamanı da Qriqoryanla təkbətək görüşməmişdi. Düşünürəm ki, burada Armen Qriqoryanın şəxsiyyətinin də müəyyən rolu var. Doğrudur, o, Paşinyanın yaxın silahdaşlarından biridir, politoloq olub, İrəvandakı Amerika Universitetinin məzunudur, uzun illər vətəndaş cəmiyyəti fəalı olub və sair. Lakin bütün bunlara kölgə salan bir mühüm amil var: o, Qarabağ ermənisidir. Qarabağdakı separatçı ermənilərin isə Rusiyaya yaxın olduqları, onun himayəsində öz mövcudluqlarını qoruyub-saxladıqları sirr deyil. Ola bilsin ki, onun Qarabağdan, Xocavənddən olması ABŞ-da Ermənistan Milli Təhlükəsizlik Şurası katibinə etibar etməməyə əsas verib. Bəlkə də ABŞ hökuməti Armen Qriqoryanı Paşinyan hakimiyyətində Qarabağ klanının ”Troya atı" hesab edir. Üstəlik, nəzərə alsaq ki, Armen Qriqoryan Vaşinqtondan sonra iyun ayında Moskvaya səfərə gedəcək, Boltonun onunla görüsməkdən imtinasının səbəbini həm də bununla izah etmək olar. Ən əsası isə ondan ibarətdir ki, Nkiol Paşinyan və onun komandası hələ tam şəkildə bir ildə ABŞ-ın etibarlı müttəfiqinə çevrilə bilməyib, fövqəldövlətin etimadını qazana bilməyib".

N.Məmmədovanın sözlərinə görə, şübhəsiz ki, Paşinyan Qriqoryanı özbaşına bu vəzifəyə təyin etməyib, yəqin ki, öz komandasının üzvlərini onu hakimiyyətə gətirən qüvvələrlə razılaşdırıb: “Lakin 1983-cü ildə Azərbaycanın Xocavənd rayonunda doğulmuş Armen Qriqoryanın təyinatı Qarabağ ermənilərinə edilmiş jest kimi də qiymətləndirilə bilər. Üstəlik, ötən ilin oktyabrında onun Qarabağda yaşayan atasının bəzi versiyalara görə intiharı, bizim versiyaya görə isə öldürülməsi Milli Təhlükəsizlik Şurasının katibi ətrafında müəmmanı artırmışdı. Odur ki, Boltonun onu qəbul etməməsinin səbəbsiz olmadığı, bunun kökündə isə Ermənistan rəhbərliyinə, o cümlədən Armen Qriqoryana etimadın zəifləməsini göstərmək olar”. (Musavat.com)