Mariya yazdı, biz də oxuduq

29 May 2019 12:58 (UTC+04:00)

Ümumiyyətlə, müəllifin əsəri oxucuya təqdim etmək üçün seçdiyi üslub fərqlidir. Kitab oxucunu özündən itələmir, əksinə, hətta yer-yer cəlb edir, daha yaxına çəkir. Bir povestdir, hekayətdir, əhvalatdır.

Çox da böyük həcmli deyil, amma böyük mətləblərdən də bəhs edir. Bu böyük mətləblər heç də düşündüyümüz kimi qlobal məsələlər deyil. Sadəcə insan münasibətləridir. Adi sevgidir, iki ayrı millətdən olan gəncin bir-birinə bağlılığıdır. Əlbəttə, paralel olaraq başqa gənc cütlüklər də var. Epizodik, yaxud da bəzən yox olub sonra yenidən səhnəyə çıxan cütlüklər. Maraqlı kitab oldu mənim üçün, oxudum. Özü də işin-gücün bu gur vaxtında az-az oxudum, amma oxudum.

Oxucunu çox da intizarda saxlamadan mətləbə keçirəm. Söhbət bu yaxınlarda Bakıda təqdimatı keçirilmiş "Xəzər üzərində yelləncək" adlı kitabdan gedir. Təqdimata dəvətliydim, bir rus qızının öz kitabını Azərbaycana həsr etməsi maraqlı gəldi və həvəslə iştirak etdim. O üzdən ilk fürsətdə kitabı oxumaq üçün çalışdım, istəyimə çatdım.

Müəllif gənc bir xanımdır: Mariya Suvorovskaya. Yazıçı, şair, jurnalist, iş adamı, ictimai xadimdir bu gənc yaşında. Həm də Rusiya Jurnalistlər Birliyi İdarə Heyətinin üzvüdür. Jurnalist olaraq həmkarımdır yəni.

Kitab, qeyd etdiyim kimi, Bakı-Azərbaycanı mövzu olaraq əks etdirir. Daha doğrusu, əslən Xaçmazdan olan Ruslan adlı gənclə Rusiyadan olan Taşa adlı qızın sevgi macərasını. Müəllif, bu iki gəncin ülvi hisslərini fürsət bilərək xalqlar arasındakı münasibətləri də fərqli bir üsulla oxucuya çatdırmağı bacarır. Kitabı oxuduqca gözümüz önündə Rusiyaya gedib rus qızlarıyla eşq macərası yaşayan azərbaycanlı gənclərin obrazı canlanır. Eyni zamanda azərbaycanlı gənclərə dəlicəsinə aşiq olan, bir azərbaycanlını görəndə özünü belə unudan rus qızlarının tipik obrazı var bu kitabda.

Bu eşq macərasıyla bərabər bir də Bakının, Azərbaycanın təsvirləri yer alıb kitabda. Belə anlaşılır ki, müəllif - Mariya Suvorovskaya Azərbaycana yaxşı bələddir, adət-ənənələrimizi mənimsəyib və hətta məşhur yeməklərimizin, şirniyyatımızın necə hazırlanmasını öyrənib.

Söz yeməklərdən - şirniyyatdan düşmüşkən, kitabda onların necə hazırlanmasına da yer verilir. Özü də qısa, anlaşıqlı reseptlər şəklində. Açığı, bir bədii əsərdə belə təqdimatların olması şəxsən mənə qəribə gəlsə də xoş oldu. Kitab həm də o baxımdan dəyərlidir. Bəlkə bizə - Azərbaycan oxucusuna adi görünəcək. Amma nəzərə almaq lazımdır ki, orijinalı rus dilindədir və dünyaya xitab etmək imkanı var, məncə, çox dəyərli bir kitabdır bu.

Kitab haqqında uzun yazmaq olar. Lakin sözümüzü burda saxlayırıq. Qoy oxucumuz bir az intizarda qalsın, kitabı axtarıb tapsın və oxusun.

Bizim üçün maraqlı olan məqamlardan biri də odur ki, Mariya Suvorovskaya Azərbaycan və azərbaycanlılarla geniş dostluq əlaqələri qurub və kitabının uğuru da buna bağlıdır. Yəni o, müəllif olaraq bizim xalqımızla yaxındır, gəlib-gedir, geniş dostluq əlaqələrinə sahibdir, Azərbaycanı və azərbaycanlıları çox yaxşı tanıyır. Bu isə olduqca vacib məqamdır. Belə şəxslər xalqlar arasında körpü rolunu oynamaqla qarşılıqlı anlaşmaya çox böyük töhfə verə bilir. O baxımdan müəllifin həm qurduğu dostluqları qoruyub saxlaması, həm də yazıb-yaratması, bizim fikrimizcə, faydalıdır.

Oxucu olaraq yalnız uğurlar arzulayır, müəllifin yeni əsərlərini gözləyirik. Oxuyacağıq, həm də mütləq.

AzNews.az