Rasim Balayev: “Vallah bilmirəm heç hansı cəmiyyətdə yaşayıram“

3 May 2013 11:06 (UTC+04:00)
Tanınmış aktyor Rasim Balayevin bir müddət əvvəl Kinematoqrafçılar İttifaqından istefa verməsi böyük səs-küyə səbəb olmuşdu. Bəzi sənət dostlarından tutmuş siyasətçilərə qədər, hərə onun İttifaqdan çıxmasına bir cür don geyindirdi. Təbii ki, məsələyə siyasi don biçənlər də oldu. Şayiə, dedi-qodu, qarasınca danışma bir yana, son vaxtlar aktyorun səhhətində də problemlər yarandı. Ötən ildən bu yana səhhətində narahatlıqlar yaşayan Rasim Balayev Modern.az-a bəzi məsələlər, o cümlədən ictimai-siyasi vəziyyətlə bağlı danışıb.

– İki il qabaq ayağım sınmışdı. İndi isə yıxıldım, qolum sınıb. Evdəyəm. Amma hələ ki, qolum gipsdədir. Həkimlər deyir hələ 10 gün də belə qalacaq.

– Televiziyalardan birində yeni seriala çəkilirdiniz. Yeni təklifləriniz varmı?

– O seriala çəkilişlər bitib. Hələ bir şey yoxdur. Yeni təkliflər almamışam. Özüm də bu vəziyyətdəyəm. Ondan sonra görək həkim nə deyir.

– Köhnə dostlarından kimlər hal-əhval tutur?

– Əlaqə saxlayırıq. Telefonla danışırıq.

– Gündəmi izləyirsiniz? Xəbəriniz var ki, Eldar Namazov da prezidentliyə namizədliyini irəli sürüb. Onun şansı sizcə nə qədərdir?

– Nə bilim özləri bilərlər. Mən belə işlərə qarışmıram. Bu dəqiqə öz canımın hayındayam.

– Yəqin bildiniz, Kinematoqrafçılar İttifaqında keçmiş həmkarınız Cəmil Quliyev İTV-yə direktor seçildi...

– Seçilməliydi də. Atlar ölüb, itlərin bayramıdır.

– Bir ara deyirdiniz daha burada heç bir işiniz qalmayıb. Ölkədən getmək haqqında fikirlər səsləndirirdiniz. Hələ də bu fikrinizdə qalırsınız?

– Yox. Nə fikir. Canımın hayındayam. Vallah bilmirəm heç hansı cəmiyyətdə yaşayıram. Siyasətə əsla qarışmıram.

AzNews.az