Vüsalə Mahirqızı Avrofinaldan yazdı: “Əsl oyun xeyli əvvəl başlamışdı...”

30 May 2019 13:12 (UTC+04:00)

Bu sözləri ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı Bakıda keçirilən UEFA Avropa Liqasının final oyununun yekununu şərh edərkən bildirib.

V.Mahirqızı öz facebook hesabında yaydığı şərhində bildirib: “Bakıda Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyini uğurla yekunlaşdırdı. UEFA Avropa Liqasında 2018/19 mövsümünə Bakıda yekun vurdu. Çox şükür, sakit, insidentsiz, təhlükəsiz şəraitdə, gözəl açılış mərasimi ilə yadda qalan bir oyun keçirildi. “Zadəganlar”ın qələbə qazanması ayrıca gözəl oldu.

Amma əsl oyun xeyli əvvəl başlamışdı, bu tədbirdən əvvəl də ölkə əleyhinə beynəlxalq mediada qara piar aparmaq cəhdləri oldu. Azərbaycana qarşı xeyli Mxitaryan var idi, bir Mxitaryanın üzərindən kampaniya qurmağa çalışdılar, danışdılar. Halbuki I Avropa Oyunlarında, başqa beynəlxalq yarışlarda onlarla mxitaryanlar iştirak ediblər, hətta burda medal alıblar, şəhəri gəziblər, heç kim də onlara heç nə deməyib. Aydın idi ki, bu, bütün mədəni və humanitar tədbirlərin belə siyasi piara vasitə olduğu müasir dünyada Azərbaycana qarşı istifadə eləmək üçün bir vasitə idi.

Heç şübhəsiz ki, Azərbaycan hakimiyyəti də, cəmiyyəti də gələcəkdə keçirilən bütün böyük tədbirlərlə bağlı qərar qəbul edərkən, təşkilatçılıq məsələləri qədər mümkün qara piarın qarşısının alınması, doğru və daha operativ məlumatlandırma sisteminin yaradılmasını təmin eləməyi də nəzərə almalıdır”.

Agentlik rəhbəri tədbirin təşkili ilə bağlı görülən işləri yüksək qiymətləndirib: “Sonuncu tədbirdə isə Bakı sadəcə işini gördü. Gözəl təşkilatçılıq, təhlükəsiz şəhər, maraqlı keçirilən futbol bayramı... Vəssalam! Prezident İlham Əliyevin Birinci Xanımla birlikdə Milli Park gəzintisi, futbol bayramında iştirakı da əla idi. Həmişəki kimi tədbir bitdi, danışanlar susdu. Bir daha o məşhur ifadə təsdiqini tapdı, məncə. Əməldən gözəl cavab yoxdu...”

AzNews.az