"Belə tədbirlər turizm sektorunun inkişaf etməsinə ciddi tövhə olacaq"

30 May 2019 17:38 (UTC+04:00)

Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final matçında “Çelsi” – “Arsenal” qarşılaşması baş tutub. Oyundan əvvəl ölkəmizə xeyli sayda azarkeş və turist gəlib. Təbii ki, onların hər biri qaldığı oteldə, yemək yediyi məkanlarda, alış-veriş mərkəzlərində, şəhər nəqliyyatında Azərbaycan manatı xərcləyərək xəzinəmizə gəlir gətirib.

AzNews.az belə gəlirlərin Azərbaycan iqtisadiyyatına nə kimi təsiri olduğunu öyrənmək üçün iqtisadçı ekspert Elşad Məmmədovla danışıb.

Ekspert belə tədbirlərin Azərbaycanda keçirilməsinin ölkə iqtisadiyyatı üçün müsbət təsiri olduğunu qeyd edib:

"Bu təsirlər həm birbaşa ölkəyə valyuta axınının gəlməsinə, həm də ölkənin turizm sektoru üzrə tədiyə balansının müsbət dinamika üzrə inkişaf etməsinə ciddi tövhə olacaq. Digər tərəfdən ölkədə vergi yığımı, fiskal siyasətlə bağlı büdcə daxil olmaları artacaq. Bütövlükdə bu, Ümumi Daxili Məhsula (ÜDM) müsbət təsir göstərəcək".

Elşad Məmmədov bu kimi tədbirlərin ölkəyə xarici investor axınını artıra biləcəyini də xüsusi vurğulayıb:

"Eyni zamanda bu tədbirlərin həm də Azərbaycanın ciddi şəkildə investisya məkanı kimi formalaşmasına müsbət təsiri olacaq. Çünki nəzərə almaq lazımdır ki, potensial xarici investorlar bu tip tədbirləri diqqət mərkəzində saxlayır. Bunun həm də multiplikativ effekti var. Belə ki, işsizliklə bağlı olan problemlərin müəyyən mənada aradan qaldırılması sürətlənəcək. Bütövlükdə, Azərbaycanın marketinq komminukasiyaları nöqteyi nəzərdən dünya iqtisadiyyatında ciddi şəkildə mövqeləşməsinə belə tip tədbirlərin ciddi təsiri var".

Nigar CƏFƏR

AzNews.az