“Kənan M.M-i heç bir qadına qısqanmıram” - Həyat yoldaşı

31 May 2019 14:45 (UTC+04:00)

Rejissor-aktyor Kənan M.M-in həyat yoldaşı, tanınmış müğənni Aygün Rəhimova AzNews.az saytına müsahibə verib.

- Həyat yoldaşınız Kənan M.M sizə yeni klip çəkdi. Bu haqda məlumat verməyinizi istərdik…

- Bəli, Kənan bəy Rabil Səfərlinin musiqisi, Tural Balabəylinin sözlərinə yazılmış "O qədər dəyərlisən ki" mahnıma klip çəkdi. Ekran işi Türkiyədə “Əskişəhər”də gözəl tarixi məkanlarda çəkilib. Klip üzərində Kənanla birlikdə iki rejissor köməkçisi də işləyib. Çox gözəl klip ərsəyə gəldi. İnşallah tezliklə yeni klipimi sevənlərimə təqdim edəcəm.

- Klipə nə qədər pul xərclədiniz?

- Büdcəni bilmirəm, bu, həyat yoldaşıma aiddir. Klipi özü çəkdi, amma köməkçiləri də var idi.

- Yaradıcılığınızın davamı gələcəkmi?

- Təbii ki, gələcək. Öncədən bu haqda çox məlumat vermirəm. Onu da deyim ki, 10 gündən sonra ikinci klipin çəkilişləri də başlayacaq. Bu klipim də xaricdə çəkiləcək. Xarici ölkəyə gedən zaman həm gəzirik, həm də klip çəkirik. Həm ticarət, həm ziyarət...

- Ailə qurduqdan sonra sənətinizə fasilə verdiniz...

- Bəli, artıq yaradıcılığıma start verdim. Gördüyünüz kimi tez-tez efirlərə çıxıram. Hazırda dörd mahnı üzərində hazırlıq gedir. İfa edəcəyim mahnıların sözləri Rabil Səfərliyə, musiqisi Tural Balabəyliyə aiddir. Kənan M.M-in sözlərinə, Nailə Mirməmmədlinin musiqisinə aid mahnı da ifa edəcəm. Mahnılar Türkiyədə aranjeman olunacaq. 2019-cu il yaradıcılığımda çevriliş ili olacaq və oldu. Hazırda üzərimdə işləyirəm. Düşünürəm ki, 2020-ci ildə artıq insanların ən sevimlilərindən biri olacam. Rayonlarımıza tura çıxacağıq, konsertlərimiz olacaq. Bir müddət əvvəl Naxçıvanda konsertdə iştirak etdim. İnsanların məni bu dərəcədə sevməsinə inana bilmirdim. “Sənə heyranıq, səni sevirik, bizim fəxrimizsən” deyə qışqırırdılar. Kənan orada deyildi, amma "Kənan", "Aygün" deyə qışqırırdılar. Mart ayında Hollandiyada Azərbaycan diasporunun təşkilatçılığı ilə konsert oldu. Orada çıxış etdim və çox gözəl qarşılandı. Eləcə də Almaniyada konsertim baş tutdu. İnşallah Londonda konsert planlaşdırırıq. Oraya toya getmişdim və konsertə dəvət etdilər. Böyük Britaniyada yaşayan həmvətənlərimizə konsert verəcəm. Qarşıda gözəl işlərimiz var. Bunu vətənim üçün edirəm, təki bayrağımız dalğalansın. Əlacım olsa, səhnəyə bayrağı öpə-öpə çıxaram.

- Artıq çəki itirdiyiniz diqqətimi çəkdi. Diet yoxsa idman ilə arıqlamısınız?

- Bəli, 14 kq arıqlamışam. İdmanla yanaşı diet də saxlayıram. Artıq övladlarımı böyütmüşəm və özümə vaxt ayırmışam. 83 kq-dan 74 kq-a düşdüm. Yenə 10 kq da getməlidir. Boyum 1.70-dir, 65 kq-a düşməliyəm.

- Hazırda övladlarınızla kim məşğul olur?

- Üç övladım var, onlara da özüm baxıram. Hazırda məktəbdədirlər. Atası məktəbdən gətirəcək. Kənan olmayanda isə məktəbdən mən götürürəm. Çox vacib işlərim olanda uşaqlarımı anama etibar edirəm. Üçünü də özüm böyütmüşəm. Sənətimə fasilə verməyim, artıq kilo almağım bununla bağlı idi. Zamanımı uşaqlarıma ayırmışdım.

- "Savaşçı" filmi sezon finalına çıxıb. Deyəsən Kənan bəy artıq Bakıdadır...

- Bəli, Kənan artıq Bakıya gəlib. İnşallah seriala sentyabrda yeni sezondan çəkilməyə başlayacaq. Əslində, Kənan serialda iki bölümə çəkilmək üçün getmişdi. Amma bir ildir ki, oradan buraxmırlar. Kənan başqa seriallardan da təklif alır, amma o serial imkan vermir (gülür). Yüzbaşı obrazını canlandırır və onun rolunu çox bəyəniblər. Bu bizim uğurumuzdur. Serialda Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov haqqında çox gözəl sözlər var, Məmmədbağır Bağırzadədən musiqilər səslənib. Kənan bir azərbaycanlı olaraq ölkəmizi bacardığı qədər gözəl təbliğ etməyə çalışır. Geyindiyi hərbi formanın qolunda bayrağımızın şəklini daşıyır. Təbii ki, bunu hamımız etməliyik və edirik. Bizim borcumuzdur. Vətənimizi harada olursa-olsun təmsil etməliyik. Türkiyə bizim özümüzündür. Mən bayrağımızı düşmən ölkəsində də sevə-sevə gəzdirərəm. Fikirləşmərəm ki , məni orada tutub öldürəcəklər.

- Kənan bəyi qısqanc, ciddi bir insan kimi tanıyırıq. Sizi sənətdən tam uzaqlaşdırsaydı, nə edərdiniz?

- Kənan qısqanc deyil, onu heç tanımırsınız. Ciddi insandır, amma çox gözəl xarakteri var. Qəlbi çox gözəldir. Uşaqla uşaq, böyüklə böyükdür. Bir dəqiqənin içində ağlayar. Yəni ki, Kənan mənim üçün yalnız həyat yoldaşı deyil. Onu yaşadıqca kəşf edirəm. Kənan başqa bir dünyanın adamıdır.

- Kənan bəy, Türkiyədə olan zaman siz də tez -tez gedirdiniz?

- Bəli, tez-tez gedirdim. Çəkiliş olmayanda isə Kənan gəlirdi. Elə zaman olub ki, səhər gəlib, axşam gedib. Mən də deyirdim ki, Kənan niyə belə edirsən? Bir həftəlik məzuniyyət götürərdin. O isə cavab verirdi ki, çəkiliş haqda öncədən məlumatlı olmuruq, ssenari gələn kimi zəng edib, çəkilişə çağırırlar. Yən ki, mən də gedirdim, o da gəlirdi. Bizim bir-birimizi görmədiyimiz zaman bir həftə çəkib.

- Kənan bəy, artıq Türkiyədə də tanınmağa başlayır. Maraqlıdır ki, onu xanım pərəstişkarlarına qısqanırsınız?

- Həyatı boyu Kənanı heç bir qadına qısqanmamışam. Qısqanmaq zəiflik əlamətidir. Mən bilirəm ki, onu qısqanmağa dəyməz. O da həmçinin məni. Yeni ailə quran zaman qısqanclıq olurdu. Filmdə filan qız və s. kimi məsələlərdə kiçik problemlər yaşanırdı. Sonra özümü onun yerinə qoydum. Mən də toya gedirəm, ətrafımdakılar hamısı musiqiçilərdir. Onlarla danışıram, gülürəm, şəkil çəkdirirəm. Onlara ailə kimi baxıram və onun da ətrafındakı aktrisalara ailəsi kimi baxıram. Kənan ailəsinə etdiyi hörməti aktrisalara da edir. Onlara heç zaman kəm gözlə baxmır. Kəm gözlə baxmadıqdan sonra qısqanmaq ola bilər? Təbii ki, xeyr.

- Telefonunu tez-tez yoxlayırsınız?

- Xeyr.

- Telefonunda parol var?

- Bəli, var və parolunu bilirəm. Amma düşünürəm ki, telefonunu yoxlamağa ehtiyac yoxdur. Parolunu tez-tez dəyişmir. Ailədə hamı, oğlum da parolunu bilir. Bu, normaldır.

- Türkiyə şou-biznesinə qatılmaq fikriniz varmı?

- Məni Türkiyə şou-biznesində hər kəs çox gözəl tanıyır və sevir. Oranın şou-biznesinə qatılmaq mənim üçün problem deyil. İstədiyim an istədiyim müğənni ilə duet oxuyub, səhnəni bölüşə bilərəm. Ebru Gündəş konsertində məni səhnəyə dəvət etdi. O, heç kimlə səhnəni bölüşmür. Orada da çıxış edə bilərəm, amma öncə vətənim üçün iş görmək istəyirəm.

Rəqsanə

AzNews.az