Novxanıdakı şuluqluq və Rəsulzadə adı ilə manipulyasiya - Heç nə dəyişməyib

31 May 2019 13:47 (UTC+04:00)

20 Yanvar günü – Şəhidlər Xiyabanına gedən yolda hansı tamaşanı oynadılarsa, Respublika Günü Novxanıda – Məhəmməd Əmin Rəsulzadənin abidəsinə doğru uzanan yolda da təxminən eyni səhnəni canlandırdılar…

Guya Rəsulzadənin xatirəsini yada edəcəklərmiş. Guya onun abidəsi önündə bayram törəni təşkil etmək niyyətindəymişlər. Təki belə olaydı, təki gerçək ziyarət niyyətilə ayaq basaydılar Novxanıya. Amma belə deyil, Rəsulzadənin adı da, onun günü də Əli Kərimli üçün sadəcə vasitədir. O, qanla yazılmış tarixlərə də, bayram kimi qeyd etdiyimiz günlərə də yalnız özünü nümayiş etdirmək fürsəti kimi yanaşır. Bu gerçəkliyi, yaşadığımız ilin içində artıq neçənci dəfədir ki, müşahidə edirik…

Ssenari illərdir təkrarlanır. Əli Kərimli günlərin mahiyyətinə uyğun eyni dərəcəli süniliklə “göz yaşı” və “məhəbbət təcəssümü” səhnələri yaratmaq “məharətini” ta Əbülfəz Elçibəyin dövründən bu günə qədər sistemli şəkildə nümayiş etdirir. Hamı yaxşı bilir, necə ki, Elçibəyin, eləcə də Rəsulzadənin adı Kərimli üçün manipulyasiyası predmetindən alayı bir anlam kəsb eləmir. Eləsəydi Rəsulzadənin ideoloji xəttinə söykənmiş Elçibəyin təşkilatını “Yurd”un amansız “bombaları” altında inlədib paramparça vəziyyətinə salmazdı. Rəsulzadə adına gerçək ehtiramı və sevgisi olsaydı, zamanında eyni şineli paylaşdığı adamlarla Novxanıya bir yerdə getməyi özünə sığışdırmamaq kimi yekəxanalıq nümunəsindən uzaq durardı…

Ziyarəti normal qaydada, yolu kəsmədən, başqalarının hərəkətinə əngəl yaratmadan təşkil etmək olmazdımı? Olardı! Niyyət gerçəkdən də Rəsulzadənin xatirəsini yat etmək idisə, polisin “Abidə tərəfə hərəkət edin, dayanmayın” çağırışına qarşı çıxmamaq olardımı? Olardı! Əksini kimsə gördümü? Polis adamları abidədən uzaqlaşdırmağamı çalışırdı? Yox, belə bir hal müşahidə olmadı. Videolara baxmışıq. Görünən odur ki, hamını abidəyə doğru hərəkət etməyə çağırırlar. Kərimlinin başının dəstəsi isə dirəşir, məqsədli şəkildə gərginlik mühiti yaratmağa çalışırdı. Bəhanələri də bu idi ki, “bəy hələ gəlməyib”. Bəyi abidənin ətrafında gözləsəydilər dünyamı dağılacaqdı? Mütləq gərək yol kəsilə, gediş-gəlişə əngəllər yaradıla, süni hay-küy qoparılaydı?..

Təbii ki, polisin çağırışına məhəl qoymamaq instruktajı əvvəlcədən verilmişdi. Məqsəd həmişəki kimi kimlərinsə diqqətini çəkmək, araqarışdıran internet kanalları üçün “maraqlı” görüntülər yaratmaq idi. Yəni həmişə necə davranıblarsa, bu dəfə də analoji qaydada hərəkət etmək kimi tapşırıqları var idi… Novxanıya Rəsulzadənin və 28 May tarixini yaradanların xatirəsini yad etmək üçün getsəydilər, hər hansı şuluqluğa meyillənməz, abidənin ətrafında səliqəli şəkildə toplaşar, ağıryana davranışları ilə MÖHTƏŞƏM GÜNƏ ehtiramlarını nümayiş etdirərdilər…

Olmadı!

Olmayıb!

Olmayacaq!

…Əvəzində 28 May “aşiqlərinin”, həşəmətli Cümhuriyyət “sevdalılarının” Novxanıda – Rasulzadənin abidəsi önündə “Əli bəy! Əli bəy!” qışqırması kimi qanacaqsızlığını gördük… Kərimli “Rə-sul-za-də” şəkilli “düzəlişi” ilə də Novxanıya əslində niyə gəldiklərini pərdələyə bilmədi. Zatən buna ehtiyac da yox idi. Tanıyan, bilən üçün təbii mənzərə idi. Elçibəy sağ ola-ola “Əli bəy” şüarının cəbhə boyu yayılması üçün yüz cür oyun qurmuş adamın Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə təşkil etdiyi tədbirdə cəm olanların “Əli bəy” qışqırmasında təəccüb doğuracaq nə var ki?..

Kərimlinin başına toplaşanların azlığı da diqqətdən yayınmadı. 15 günə yaxın müddətdə aləmə səs salıb, dəvət mesajları yaydılar. Kərimli öz aləmində hesablamışdı ki, ardıcıl mitinq müraciətlərinə “yox” cavabı verilməsindən “qəzəblənən” xalq, hökumətə etirazını bildirmək üçün 28 May bayramını əntiqə fürsət kimi dəyərləndirəcək. Bax, Novxanıya məhz bu niyyətlə, bu gözləntilə getmişdilər. Amma…

“Qəzəbli xalqdan” səs çıxmadı!

Mitinq istəyi ilə “alışıb-yanan” cəmiyyətdən dəstək gəlmədi!

15 gün davam edən çağırışlar kütləvi marağa oxşayan effekt yarada bilmədi!

Yenə “bir ovuc” adam, yenə acı aqibət.. O qədər az idilər ki, kütləvilik görüntüsü yaradan köməkçi şəkillər də tapıb yaya bilmədilər…

Yox, bu, heç bir halda insanların dəvət olunduqları ünvana, Cümhuriyyətin qurucularına münasibətinin göstəricisi deyil. Çağırışlara etinasızlıq bilavasitə dəvət edənin şəxsinə münasibət xüsusunda şərh olunmalıdır. Odur ki…

Bir siyasi liderin cəmiyyətə səslənişinə 300-400 adam reaksiya verirsə, bu artıq siyasi klimaks dövrünün başladığına işarədir. Erkən başlayıb…

Nicat Dağlar