İçimiz xəyanətkarlarla doludur... - Tənzilə Rüstəmxanlı

1 İyun 2019 09:53 (UTC+04:00)

Son vaxtlar tez-tez anti-Azərbaycan şəbəkələrindən danışılır. Onların daha da aktivləşdiyi müşahidə edilir. Bakıda keçirilən Avroliqa finalı ərəfəsində də Qərb mediasında qərəzli kampaniya başladıldı. “Azəri Türk Qadınlar” Birliyinin sədri Tənzilə Rüstəmxanlı ilə Azərbaycan əleyhinə aparılan kampaniyalar, Mxitariyan “oyunu”, Ramil Səfərov və digər məsələlər barədə söhbətləşdik.

- Tənzilə xanım, bizim siyasətçilər tez-tez anti-Azərbaycan, anti-milli qüvvələr ifadəsini işlədirlər. Kimlər nəzərdə tutulur, onlar kimlərə bağlıdır?

- Bu qruplar çox zaman Qərbdəki müxtəlif fondlara bağlı olur. Belə fondların arxasında əksər hallarda erməniləri dəstəkləyən, onlara rəğbəti olan güclər dayanır. Onlar Azərbaycan əleyhinə konfranslar təşkil edəndə, ermənilərlə birgə xalqımıza, dövlətimizə qarşı iş görəndə antimilli olurlar. Çünki düşmən “dəyirmanına su tökür”lər. Bu dəstələr həm Azərbaycanın daxilində, həm də onun kənarında fəaliyyətdədirlər. Onlar qrup şəklində, eləcə də ayrı-ayrı fərdlər olaraq anti-Azərbaycan fondlarla əməkdaşlıq edirlər. Bu fondlar isə bir mərkəzdən idarə olunur. Bura separatçı qüvvələri də aid edərdim. Onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyən, dövlətimizi sevməyən dairələrin maraqlarına uyğun fəaliyyət göstərirlər. Ermənistan başda olmaqla, İran, Rusiyada da müəyyən qruplar əleyhimizə iş aparır.

- Məqsəd nədir ki?

- İlk növbədə müstəqil bir dövlətdə sabitlik, əmin-amanlıq olmasın, daim gərginlik yaşansın, ölkə qarışsın, sakitliyimiz pozulsun. Bizi parçalamaq, qarşıdurmalar yaratmaq arzusu ilə yaşayanlar var. Belələri istəmirlər ki, Qarabağın işğalı ilə bağlı haqq səsimiz duyulsun. Azərbaycandakı bəziləri isə maliyyə maraqları naminə ölkəyə qarşı kampaniyalara qoşulurlar. Bir qisminin siyasi maraqları var, yəni bütün bunlar qruplararası savaşların nəticələridir. İçəridəkilər və çöldəkilər qaranlıq yerlərə bağlı adamlardır.

- Sizcə, bu kampaniyalar doğurdan da Azərbaycanı gözdən salıbmı?

- Azərbaycanın imicinə ləkə vuran müəyyən nüanslar olub. Amma bütövlükdə arzularına çatmayıblar. Burada niyyət odur ki, dövlətçiliyimizə təhlükə yaransın, ermənilərin fəallaşmasına xidmət edilsin. Yaxşı ki, çirkin planlarına nail olmayıblar. Hesab edirəm ki, milləti sevən qüvvələr var, o qruplara qarşı iş görürlər. Sadəcə, maarifləndirici işlər daha çox aparmalıdır, milli proqram olmalıdır, ictimai rəyə təsir edən qüvvələr real addımlar atmalıdırlar. Çünki son bir ildə həmin dairələr gözəçarpacaq qədər fəallaşıb, sistemli işləyir. Əvvəlki illərlə müqayisədə indi daha aktiv görünür, kampaniyaları genişləndiriblər.

Elə sonuncu final oyunu ərəfəsində nə qədər ajiotaj, iftira, böhtanlar oldu. Azərbaycana qarşı ləkələmə kampaniyası oldu və o kosmopolit adamlar səslərini çıxarmadılar. Ümumiyyətlə, həmin fondlar, mərkəzlər Azərbaycanda beynəlxalq layihələrin reallaşmasını istəmirlər. Ölkəmizin adının belə layihələrlə qoşa çəkilməsini arzulamırlar. Bu qruplar torpağa, dövlətə düşməndirlər. Onların bir qolu Ermənistanda “Talışıstan” qışqıranlar, erməni qadınını talış xanımı kimi təqdim edib efirə çıxaranlardır. Yəni anti-Azərbaycan qüvvələrdən danışırıqsa, bunlar da zəncirin halqalarıdır. Biri qara propaqanda aparır, biri talış xalqını təhqir edir, bir hissəsi Avropaya yerləşib, oradan əleyhimizə yazır, çağırışlar edir ki, Azərbaycana getməyin, bu ölkə təhlükəlidir.

- Final demişkən, oyuna qədər ingilis mediası niyə bizə düşmən kəsildi, yalanlar yazdı, Mxitariyan söhbəti süni şişirdildi?

- Bayaq qeyd etdiyim ssenaridir, Qərbdə müəyyən fondlar bizə yönəlik qara piar aparırlar. Məqsəd sırf gözdən salmaq idi. Bu da düşmən xislətidir. Təəssüf ki, içimizdən olanlar, küsüb gedənlər də bu kampaniyada var idi, propoqandaya qoşulmuşdular. Küsmək də olar, getmək də... Amma insan vətənində keçirilən, Azərbaycanın imicinə müsbət dividentlər qazandıran layihələri dəstəkləməlidir. Buna qarşı getmək öz ölkəsinə vətən xainliyidir. Hansı gürcü bunu öz ölkəsinə qarşı edər? Tiflisdə də final oyunu olub. Gürcüstan bizdən bir sıra sahələrdə geridədir, bəzi asılılıqları var. Amma Qərb mediası və Avropadakı dairələr Gürcüstana qarşı eyni ləkələmə kampaniyasını aparmamışdılar. Bilirsiniz, Qərb demokratiya, insan haqları məsələsində riyakarlaşıb. Avropanın gözəl dəyərləri var - media azadlığı, fikir plüralizmi, insan hüquq və azadlıqları, sərbəst toplaşma azadlığı və s. Gəlin baxaq, Avropa bu dəyərlərdə necə “ikili standartlar”a yol verir, prinsiplərinə qarşı gedir.

“Onlardan fərqli olaraq, Ramil millətinə dil uzadanın dərsini verib”

Xocalı insan haqqı deyil? Erməni işğalı zamanı ölən əliyalın vətəndaşlarımızın haqqı insan haqqı deyil? Onlar ermənilərin haqsız olduğunu bildiyi halda dilə gətirmirlər. Əvvəllər Qərb ədalətin yanında dayanırdı, bu gün o yüksək dəyərlərdən imtina edib. Azərbaycan da haqlı olaraq Avropanın qeyri-səmimiliyinə inanmır. Bax, bizə qarşı bu gün qərəzli, iftira dolu kampaniya aparan həmin mənbələrdir. Lakin xalqımız bunu görür, onların nə demək istədiyini gözəl anlayır. Anti-Azərbaycan qüvvələr deyiləndə sadaladığımız məqamlar nəzərdə tutulur.

- Bu günlərdə Ramil Səfərovla da bağlı bir polemika oldu. Sizin bu məsələdə mövqeyiniz nədir?

- Məlumdur ki, bunu deyənlər kimdir, niyə belə edirlər. Onların dediyi kaş elə öz xəyanətkar şəbəkəsinin müzakirəsi çərçivəsində məhdudlaşaydı, gərək reaksiya verilməzdi. Çünki Ramil Səfərov doğru nədirsə, onu edib. Onların etdiyi xəyanətdən fərqli olaraq, millətinə dil uzadan, bayrağına, qadınına, torpağına təhqir yağdıran bir şərəfsizin dərsini verib. Necə olur ki, Xocalıda başı kəsilən körpəyə qarşı terroru dilə gətirmirlər, Marqaryandan danışırlar. Bunu deyənlər öz mahiyyətini ortaya açıq qoyub. Gəlin, bu adamlara fikir verməyək. Çünki dünyadakı bütün erməni diasporu kampaniya apardı, Ramil Səfərovun edamı üçün çalışdı. Amma haqq öz yerini tapdı. Çox heyf ki, bu millətin içində yaşaya-yaşaya bu millətə qarşı çıxanlar var, içimiz doludur xəyanətkarlarla...

Bütün bunları kosmopolit düşüncə yaradır. Dünyanı özünə vətən sayanlar milli nə varsa ona qarşı çıxırlar. Gəlin bir az da milli olun, təəssüb hissiniz olsun. Nədir bu sözə qıcığınız? O adamlar heç vaxt görməzlər ki, amerikalılar ABŞ bayrağına həqarət eləsin. Mən təyyarə ilə səfər edəndə gördüm ki, hamısının sinəsində Amerika bayrağı var. Bizdə isə bayrağımıza həqarət edən erməninin cavabı verilib, cavab verən oğulu aşağılayırlar. Kaş Avropadakı milliyətçilik bunlarda da olaydı...

Ümumiyyətlə, siyasi partiyalar anti-Azərbaycan şəbəkələrə qarşı bir araya gəlməlidir, mövqelərini bildirməlidir. Siyasi partiyaların işi təkcə siyasi rəqabət aparmaq deyil, milli məsələlərdə birlik nümayiş etdirilməlidir. Çünki söhbət dövlətçiliyə qarşı fəaliyyətdən gedir. (Musavat.com)