Keçmiş döyüşçü Aygün Kazımova və Sərdar Cəlaloğluna cavab verdi

3 May 2013 14:03 (UTC+04:00)


Xalq artisti Aygün Kazımovanın "Mən Qubadlı və Cəbrayılda iki ay döyüşmüşəm" cümləsi artıq ikinci gündür ki, müzakirə mövzusuna çevrilib. Müğənninin məlum açıqlaması Qarabağ döyüşçüləri tərəfindən də hiddətlə qarşılanıb.

Qubadlı rayon, 4-cü batalyonun bölük komandiri olmuş İslam Mahmudov AzNews.az-a açıqlamasında xalq artisti A.Kazımovanın Qarabağın hansı bölgəsində və necə "vuruşduğunu" açıqladı:

"Qubadlıda Aygün Kazmova adında döyüşçü olmayıb. Mən özüm döyüşçü olmuşam. Döyüşlərin başladığı ilk vaxtlardan cəbhə bölgəsundə vuruşmuşam. Ona görə də cəsarətlə deyirəm ki, Aygünün Qubadlıda döyüşməsi haqda dedikləri ağ yalandır. 1992-ci ildə Qubadlıda belə bir söhbət gəzdi ki, Aygün Kazımova rayona gəlib. Amma o, həmin gəlişində heç bir döyüş bölgəsində olmayıb. O vaxt kafelərə "kaporotiv" deyirdilər. Üzr istəyirəm, Ayğün yalnız bir-iki "koperativ"də ola bilər. Döyüş bölgəsinə gəlincə, bunu mən tam məsuliyyətimlə deyirəm və kim istəsə sübut etməyə də hazıram. Qubadlıda belə bir adam döyüşməyib. Qubadlıda bir günlük də olsa döyüşən bütün qadınların adını əzbərdən bilirəm. Aygün Kazımovanın bu yalanı isə Qarabağ döyüşçülərinə təhqirdən savayı bir şey deyil".

Keçmiş döyüşçü ADP sədri Sərdar Cəlaloğlunun "Qubadlılar torpaqlarını qoyub qaçıb" fikirinə də münasibətsiz ötüşmədi:

"Bir partiya sədrinin belə açıqlama verməsi yalnız təəssüf doğurur. Qubadlıda gedən döyüşlərdə şəhid olmuş oğlanların adlarını və fotolarını sosial şəbəkədə yaymışam. Sərdar Cəlaloğlu heç olmasa onlara baxsın və ibrət dərsi götür. Sərdar Cəlaloğlu müxalifətdə dayanıb, amma onun bu sözləri qubadlıları ümumi düşərgədən iyrəndirməkdən savayı heç nəyə xidmət etmir".

Bahar Rüstəmli
AzNews.az