Əli Kərimlinin növbəti yalanı ifşa oldu

3 İyun 2019 14:27 (UTC+04:00)

AXCP sədri Əli Kərimli Məmmədəmin Rəsulzadənin Novxanıdakı abidəsinə doğru yürüş zamanı hakimiyyətin müxalifətçi gənclərlə aqressiv davrandığını, onlardan birinə hətta ciddi xəsarət də yetirdiyini iddia etmişdir. Sitat: “Polislər dünənki zorakılıq zamanı AXCP Gənclər Komitəsinin fəal üzvlərindən olan Rəsulzadə Hidayətin əl barmaqlarını əzib, sümüklərini çatladıblar, üstəlik, barmağında çıxıq da var”.

AXCP sədrinin yalan danışmağa, baş verənləri şişirtməyə, şou yaratmağa meyilli olduğunu bildiyimizdən, kiçik bir araşdırma aparmağı qərara aldıq. Məlum oldu ki, əslən Kürdəmirdən olan, hazırda Bakıda kirayədə yaşayan 26 yaşlı AXCP üzvü Hidayət Rəsulov bir neçə gün əvvəl sarıqlı əlinin fotosunu sosial şəbəkələrdə paylaşaraq, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. O qeyd etmişdir ki, mayın 28-də bir qrup cəbhəçi ilə birlikdə Rəsulzadənin büstünə gül qoymaq məqsədilə Novxanı kəndinə gedib. O, abidəyə təqribən 200 metr qalanda ərazidə xidmət aparan polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymadan yürüş keçirməyə cəhd edib. Bu vaxt mülki geyimdə olan, adını bilmədiyi və xarici görünüşünü xatırlamadığı şəxs tərəfindən ona xəsarət yetirilib, ertəsi gün sınıqçıya müraciət edib.

Daxili İşlər Nazirliyindən aldığımız məlumata görə, H.Rəsulov mayın 31-də öz razılığı ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda rentgen müayinəsindən keçirilib, onun əlində nə çat, nə də sınıq aşkar edilməyib. Elə həmin gün H.Rəsulov DİN-ə ərizə verərək, heç bir şikayət və tələbinin olmadığını bildirib.

Beləliklə, cəbhəçilərin növbəti şousu və Əli Kərimlinin bu şoudan sui-istifadə cəhdi növbəti dəfə iflasa uğradı. Ataların məsəli var: “Yalançının evi yandı, heç kəs inanmadı”. İndi cəbhəçilər də o qədər yalan danışıblar ki, arada çaşıb düzünü deyəndə belə inanan olmayacaq.

Maraqlıdır: uydurduqları yalana görə Hidayət Rəsulov və Əli Kərimli sosial şəbəkə istifadəçilərindən üzr istəyəcək ya yox?

AzNews.az