4 ayda 705 dəfə atəşkəsi pozublar

3 May 2013 19:42 (UTC+04:00)
Bu ilin 4 ayı ərzində Ermənistan silahlı qüvvələri 705 dəfə atəşkəs rejimini pozub, hər ki tərəfdən itkilər olub.


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu Azərbaycanın bir qrup millət vəkili və ziyalılarından ibarət nümayəndə heyəti Azərbaycan-Ermənistan cəbhə xəttində, Beyləqan və Füzuli rayonlarındakı hərbi hissələrə baş çəkdikdən sonra səhra-döyüş şəraitində keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, düşmən atəşkəsi Ağdam, Füzuli, Xocavənd, Goranboy istiqamətində daha intensiv şəkildə pozub. Bu ilin 4 ayı ərzində Azərbaycanın 7 hərbçisi düşmən gülləsindən həlak olub.

"Bundan əlavə, təmas xətti boyunca ATƏT sədrinin şəxsi nümayəndəliyinin mandatına uyğun olaraq 9 dəfə monitorinq keçirilib", - o deyib.

Sabiroğlu qeyd edib ki, hər dəfə monitorinqin keçiriləcəyi haqqında məlumatlar yayıldıqda ermənilər cəbhə xəttində aktivlik nümayiş etdirirlər.

AzNews.az