"Azərbaycan ilə birgə vacib işlər görürük"

8 İyun 2019 08:55 (UTC+04:00)

Gürcüstan Transxəzər qaz kəməri, TANAP və TAP layihələrinin inkişaf etdirilməsində maraqlıdır. Bunun üçün Azərbaycan ilə birgə əhəmiyyətli layihələr həyata keçirir, vacib işlər görür.

Bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava parlamentin iqtisadi siyasət komitəsində deputatlar qarşısındakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti tərəfindən enerji xətlərinin şaxələndirilməsi və digər təbii qaz mənbələri ilə bağlı mühüm işlər həyata keçirilir. Gürcüstan hökuməti Türkmənistan təbii qazının Avropaya nəqlində də maraqlıdır. Türkmənistan təbii qazın Avropa ölkələrinə çatdırılması üçün yollar axtarır.

“Buna görə də Gürcüstan bölgədə həyata keçirilən təbii qaz layihələrinin inkişaf etdirilməsi istiqamətində vacib addımlar atır”, - deyə Natia Turnava vurğulayıb. (Azərtac)