Azərbaycanda 100 min nəfərə 417 dustaq düşür

4 May 2013 11:01 (UTC+04:00)
Avropa Şurası ölkələri üzrə cinayət işləri və cəzaçəkmə ilə bağlı statistika açıqlanıb

Avropa ölkələrində penitensiar müəssisələrinin yarıdan çoxunda əsas problem dustaqların sıxlığı ilə bağlıdır. APA-nın məlumatına görə, bu barədə Avropa Şurasının cinayət işləri və cəzaçəkmə ilə bağlı SPACE adlı statistik araşdırmasında bildirilir. Son hesabat Avropa Şurası ölkələri üzrə 2011-ci ilin nəticələri əsasında hazırlanıb.

Sənəddə bildirilir ki, 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycandakı penitensiar müəssisələrində 37 989 nəfər, o cümlədən məhkəmə hökmü gözləyən dustaqlar saxlanılır. Lakin bu müəssisələrin ümumi tutumu 25 953 nəfərdir. Nəticədə, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 417 dustaq düşür. Həbsxanalarda hər 100 yerə sıxlıq 79,6 nəfərdir.

Müqayisə üçün bildirək ki, Gürcüstanda əhalinin hər 100 min nəfərinə 541,2 dustaq düşür, kameralardakı sıxlıq isə 98,1, Ermənistanda isə 138,4 dustaq, kameradakı sıxlıq 102,7 nəfərdir.

Əvvəlki illə müqayisədə Azərbaycanda həbsdə olanların sayı 1,7% artıb. Lakin Çexiya, Rumıniya, Macarıstan, Fransa, Böyük Britaniya kimi ölkələrdə illik artım 5% ətrafında olub.

Bununla yanaşı, bildirilir ki, 2011-ci ildə həbs olunan 17 611 nəfərdən 2 208-i adamöldürmə və ya adam öldürməyə cəhd, 748-i quldurluq, 207-si zorlama, 1 059-u qarət, 3 227-si digər oğurluq, 198-i iqtisadi və maliyyə cinayətləri, 5 832-si narkotik, 160-ı terrorçuluq ittihamları ilə həbs olunublar.

Hesabata əsasən, 2010-cu ildə Azərbaycanda 1 həbsxanadan qaçma faktı qeydə alınıb. Ölüm halları isə hər 10 min dustaq hesabı 29 nəfərdir. Ermənistanda ölüm halları hər 10 min dustaq hesabı 75,2 nəfər təşkil edir. Gürcüstan isə müvafiq məlumatları təqdim etməyib.

AŞ ekspertlərinin apardığı hesablamalara görə, Azərbaycanda 1 dustağın saxlanmasına 2010-cu ildə gündəlik 8,79 avro, Ermənistanda - 6,81 avro, Ukraynada – 3,06 avro xərclənir.

AzNews.az