“15 iyun hər bir azərbaycanlı üçün əhəmiyyətli gündür” - Aydın Mirzəzadə

10 İyun 2019 15:11 (UTC+04:00)

“26 il əvvəl – 1993-cü il 15 iyunda Azərbaycanın tarixində yeni bir səhifə açıldı".

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə dedi:

"Tanınmış dövlət xadimi, Azərbaycan cəmiyyətində böyük nüfuza malik olan Heydər Əliyev parlamentin sədri seçildi. Həmin ilin oktyabrında isə ölkənin növbəti prezidenti seçildi. Bu, sadəcə olaraq Azərbaycana yeni bir rəhbərin gəlişi deyildi. Bu, Azərbaycanın həmin dövrdə rastlaşdığı problemlərin tədricən həlli və yeni müasir Azərbaycanın quruculuğunun başlanğıcı idi”.

Millət vəkili həmin dövrdə Azərbaycanda hökm sürən mürəkkəb siyasi şəraitdən söz açdı:

“1991-ci ildə SSRİ dağılanda müstəqillik əldə edən Azərbaycanda hakimiyyətdə bir-birini əvəz edən qruplar mövcud problemləri həll edə bilmədi, əksinə, onu daha da dərinləşdirdi. Azərbaycan SSRİ-dən qalan mirasını ala bilmədi. Azərbaycan dövlət quruculuğunu həyata keçirə və özünün düşünülmüş, perspektivli daxili siyasəti ilə bağlı hər hansı ciddi bir iş görə bilmədi. Nəticədə Azərbaycanda vətəndaş müharibəsinin başlanğıcı qoyuldu, ölkə çox ciddi bir siyasi böhrana qədəm qoydu”.

A.Mirzəzadə H.Əliyevin hakimiyyətə gəldiyi ilk zamanlarda baş verən ciddi dəyişikliklərdən də bəhs etdi:

“H.Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etməsi, təhlükəsizlik orqanlarında işləməsi, geniş təcrübəyə malik olması bu problemlərin həllində böyük rol oynadı. İlk növbvədə vətəndaş qarşıdurmasının qarşısı alındı. Azərbaycanda dövlət hakimiyyəti möhkəmləndirildi. Qeyri-qanuni hərbi dəstələr ləğv edildi. Ulu öndərin apardığı siyasət Azərbaycanın bir dövlət kimi möhkəmlənməsinə, beynəlxaql aləmdə nüfuzunun artmasına, dostlarının çoxalmasına gətirib çıxardı. Ölkədə bütün sahələrdə islahatlar keçirildi. 1994-cü ildə neft kontraktının bağlanması Azərbaycanın öz təbii sərvətlərinə sahib olmasına imkan verdi. Bu da öz növbəsində ordan gələn gəlirlərlə ölkənin yenilənməsinə, vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxardı”.

O, ulu öndərin Dağlıq Qarabağ problemi ilə bağlı apardığı siyasətin əhəmiyyətini də xüsusi vurğuladı:

“Ümummilli lider hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi konkretləşdirildi. Onun bu məsələ ilə bağlı prinsipial mövqe tutması beynəlxalq təşkilatların problemlə bağlı qətnamələr qəbul edilməsinə, Azərbaycanın mövqeyini dəstəkləməsinə gətirib çıxardı. 1993-cü ildən bəri Ermənistanın bütün səylərinə baxmayaraq, heç bir halda beynəlxalq təkilatlarda Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmadı. Silahlı qüvvələrin formalaşdırılması, ordunun gücünün artırılması ilə bağlı ciddi işlər görüldü. Bu gün Azərbaycan ordusu dünya orduları reytinqində 52-ci yerdədir. Müqayisə üçün qeyd edim ki, Ermənistan bu siyahıda 94-cü yerdədir”.

A.Mirzəzadə ulu öndərin əsasını qoyduğu bu siyasətin hazırda uğurla davam etdirildiyni bildirdi.

“Azərbaycanın apardığı siyasət müstəqilliyimizin möhkəmlənməsinə gətirib çıxardı. Bütün bunların hamısı ulu öndər H.Əliyevin düşünülmüş və düzgün daxili və xarici siyasəti nəticəsində mümkün olub. Hazırkı Prezident cənab İlham Əliyev H.Əliyev siyasi məktəbinin layiqli yetirməsidir. O, ulu öndərin siyasətini uğurla davam etdirir. Nəticədə Azərbaycanın qazandığı uğurlar durmadan atır”, - deyə millət vəkili əlavə etdi.

Xəyalə

AzNews.az