Elçibəy Surət Hüseynovun adamını Gəncəyə niyə icra başçısı təyin etdi? - Arif Hacılı Etibar Məmmədovun sualına cavab verdi

11 İyun 2019 17:54 (UTC+04:00)

1988-1993-cü illərdə Azərbaycanda baş vermiş ictimai-siyasi proseslərin ən fəal iştirakçılarından olan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov 1993-cü ilin iyun hadisələrindən danışıb.

Axar.az-a açıqlamasında bir sıra məqamlara toxunan E.Məmmədovun o zaman Gəncəyə təyin olunan icra başçısı haqda dediyi fikirlər bir sıra suallar doğurub.

“Deyirlər ki, iyunun 4-də Gəncədə AXC hakimiyyətinə qarşı qiyam baş verib. Bəs əgər qiyam baş vermişdisə, Prezident Əbülfəz Elçibəy nədən elə iyunun 17-də, Gəncə hadisələrindən düz 13 gün sonra həmin "qiyam”ın təşkilatçısının nümayəndələrindən olan Hacı Vaqifin (səhv etmirəmsə, soyadı Əliyev idi) Gəncənin icra hakimiyyəti başçısı təyin olunması haqqında fərmanı imzalayırdı. Bu, necə qiyamdır ki, həmin qiyamın yönəldiyi iqtidarın lideri, ölkənin qanuni prezidenti o qiyamçının nümayəndəsini icra başçısı təyin edir? Buna necə qiyam demək olar? Mən ciddi şəkildə sual edirəm həmin vaxt hakimiyyət başında olmuş şəxslərə: tutaq ki, o vaxt Elçibəy prezident kimi nədənsə çəkinmişdi, guya sui-qəsd hazırlanmışdı, ona görə Bakını tərk edirdi. O halda həmin gün qiyam iştirakçısının icra başçısı təyin olunması haqda fərman imzalamağın nə mənası var idi? Burda nə məqsəd ola bilərdi?..” – deyə o, açıqlamasında bildirib.

Məsələ ilə bağlı Müsavat Partiyasının başqanı Arif Hacılının fikirlərini öyrəndik. O, AzNews.az-a açıqlamasında bunun kompromis addımlardan biri olduğunu söylədi:

“4 iyun hadisəsinin qiyam olması heç kəsdə şübhə doğuran bir məsələ deyil. Sadəcə olaraq həmin dövrdə qiyamın qarşısını almaq üçün bir sıra addımlar atılırdı. Vətəndaş qarşıdurmasının qarşısını almaq, ölkədə ciddi təxribat prosesinin Gəncə miqyasında lokallaşdırılmasına nail olmaq məqsədilə atılan addımlardan biri də həmin qiyamın təşkilatçılarından olan və yalnız vəzifə naminə, mənfəət naminə bu mübarizəni aparan şəxslərə vəzifə vermək idi. Qeyd edilən şəxsin vəzifəyə təyin olunmasının səbəbi də budur”.

A.Hacılı həmin dövrdə eyni məqsədlə E.Məmmədovun da vəzifəyə təyin olunması məsələsinin müzakirə olunduğunu bildirdi:

“Qiyama açıq siyasi dəstək verən Etibar Məmmədovun da bu əməlindən əl çəkməsi və qiyama dəstək verməməsi məqsədilə Azərbaycanın baş naziri təyin olunması məsələsi də müzakiə olunurdu. Ancaq o, qiyamı dəstəkləməkdən əl çəkmədiyi üçün Elçibəyin – qanuni hökumətin yanında yox, qiyamçı Surət Huseynovun yanında yer aldığı üçün bu vəzifəyə təyin olunmadı”.

Mövzu ilə bağlı Əbülfəz Elçibəy iqtidarında baş nazir postu tutan Pənah Hüseynin də fikirlərini öyrənməyə çalışsaq da, o bu haqda danışmaq istəmədi.

AzNews.az