Generalın bacanağı həbs edildi

11 İyun 2019 18:32 (UTC+04:00)

Hazırda həbsdə olan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun qohumu hakim qarşısına çıxarılıb.

Generalın bacanağı Müsənnif Talıbov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Müsənnif Talıbov Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham edilib.

Bu gün keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən M.Talıbov 4 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan M.Talıbov məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, bu işdə əlavə şahid qismində Ceyhun Qurbanov ifadə verib. Ceyhun Qurbanov hazırda həbsdə ola Elçin Qurbanovun qardaşıdır.

Elçin Qurbanov Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri olub. Elçin Qurbanov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O da bu iş üzrə təqsirləndirilərək həbs edilib. Elçin Qurbanov ötən məhkəmədəki ifadəsində bildirib ki, səhhəti ilə bağlı 2014-cü ildə Türkiyəyə gedən zaman Müsənnif Talıbov onu Amid Hüseynovla tanış edib.

O, bildirib ki, Müsənnif Talıbov onun həm xalasının oğlu, həm də bacısının həyat yoldaşıdır: "Türkiyədə xəstəxanaya gedəndə Amid bizə kömək elədi. Sonra Bakıda işdə olan zaman Amid gəldi. Mən də həmin vaxt Bakı Şəhər Prokurorluğunda çalışırdım. Xahiş etdi ki, atası həbsdədir, ona hüquqi yardım göstərim. Mən də ona vəkil tutmasını dedim. O, atasının həbsdən azad olunması üçün əfv yazmasına kömək etməyi xahiş etdi. Ona yalnız hüquqi yardım göstərdim. Sonra Amin Hüseynov mənə zəng edib, hədə-qorxu gəldi ki, guya Müsənnif, oğlu və mən ondan ümumilikdə 30 min pul almışam. Heç nə başa düşmədim, dayanmadan söyüş söyürdü. Mən də telefonu bağladım. Bir qədər keçəndən sonra rəisim otağına çağırıb, Amidin məndən şikayətçi olduğunu bildirdi. Daha sonra barəmizdə cinayət işi başlanıldı və mən həbs edildim".

Bildirək ki, sərbəst ifadəsində Müsənnif Talıbov heç kimdən pul almadığını, ittihamda yazılanlarla razı olmadığını söyləyib. Zərərçəkmiş Amid adlı şəxsin torpaq sahəsinin sənədlərində problem olub. Bunu qaydasına qoymaq üçün ona 6 min manat pul verib: "Sonra Amid Türkiyəyə gedəndə gəlib, məndən 500 manat pulunu aldı, 5500 manat isə məndə qaldı. İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götür. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, mənə atasına yardım etməyimi istədim. Onun xəstəxana xərclərinə Amidin məndə olan 5500 manatından da artıq pul xərclədim".

Məlumata görə, o, qonşusuna qarşı dələduzluq edib. Belə ki, Talıbov qonşusuna həbsdə olan atasını azad edəcəyini deyib. Daha sonra isə onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədini verib. İttihama görə, M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən ümumilikdə 30 min manat pul alıb.

Səhətində problem olan M.Talıbovun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, azadlıqdadır.

Xatırladaq ki, general Sübahir Qurbanov "MTN işi" çərçivəsində həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum olunub.

AzNews.az