Dövlət Gömrük Komitəsində BMT İP rəhbəri ilə görüş - FOTO

11 İyun 2019 19:46 (UTC+04:00)

Komitə sədri BMTİP ilə ölkəmizin gömrük orqanları arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb.

S.Mehdiyev bildirib ki, son bir ildə ölkəmizdən tranzit keçməklə Avropaya daşınması nəzərdə tutulan 1,7 ton narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Komitə sədri onu da vurğulayıb ki, hazırda İT sahəsində Azərbaycan gömrük orqanları dünyanın bir sıra inkişaf etmiş ölkələrini geridə qoyur.

Azərbaycan gömrüyünün beynəlxalq aləmin etibarlı tərəfdaşına çevrildiyini vurğulayan Səfər Mehdiyev cari ilin aprel ayında Dövlət Gömrük Komitəsinin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri seçilməsinin, ÜGT-nin “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”nin iyunun 12-də Bakıda keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib.

BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti səmimi görüşə görə təşəkkürünü bildirib və Dövlət Gömrük Komitəsinin uğurlarını yüksək qiymətləndirərək təmsil etdiyi qurumun da bu nailiyyətlərin əldə edilməsində rol oynamasından qürur duyduğunu diqqətə çatdırıb.

Birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin uğurlu nəticələrlə öz bəhrəsini verdiyini bildirən Alessandro Frakassetti Azərbaycan gömrüyünün mühüm vəzifələrin öhdəsindən gəldiyini, şəffaflığın təmin olunması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ticarətin asanlaşdırılması istiqamətində ciddi addımlar atdığını vurğulayıb.

Daha sonra Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında bu qurumun dəstəyi ilə həyata keçirilən “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsinin vaxtının uzadılmasına dair saziş imzalanıb. Sənədi i Səfər Mehdiyev və Alessandro Frakassetti imzalayıblar.

İmzalanma mərasimindən layihə çərçivəsində BMTİP tərəfindən Dövlət Gömrük Komitəsinə verilən nəqliyyat vasitələrinə baxış keçirilib.(qafqazinfo.az)

AzNews.az